İsrail əsir mübadiləsi və atəşkəs razılaşmasını müzakirə etmək üçün avqustun 15-də Qəzza zolağına danışıqlar qrupu göndərəcəyini açıqladı. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş Nazirlik ofisindən verilən açıqlamada belə deyilir: “ABŞ və vasitəçilərin təklifi ilə İsrail danışıqlar qrupunu avqustun 15-də həyata keçirmə ilə bağlı təfərrüatları yekunlaşdırmaq üçün daha sonra təyin olunacaq yerə göndərəcək. Daha sonra əsirlərin dəyişdirilməsi prosesi başlanacaq".
Digər tərəfdən, HƏMAS hələ də İsrailin açıqlaması ilə bağlı münasibət bildirməyib. Yaxınları Qəzzada əsirlikdə olan israillilər İsrailin baş naziri Binyamin Netanyahudan gələn həftə keçirilməsi planlaşdırılan Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması üçün "liderlik nümayiş etdirməyə" çağırıblar.
X sosial media platformasında israilli məhbusların ailələri tərəfindən verilən açıqlamada vasitəçilik təşəbbüslərinə görə ABŞ, Misir və Qətər liderlərinə təşəkkür edib və dəstək mesajı veriblər.
Bəyanatda İsrail hökumətindən və Netanyahudan məhbus mübadiləsi müqaviləsində çatışmayan detalların tamamlaması istənilib.
ABŞ, Misir və Qətərin birgə bəyanatında Qəzza zolağında atəşkəsin təmin edilməsi və əsirlərin dəyişdirilməsi üçün avqustun 15-də Qahirə və ya Dohada danışıqlara yenidən başlamaq çağırışı edilib.
Birgə bəyanat ABŞ prezidenti Co Bayden, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taninin imzaları ilə təsdiqlənib.
Danışıq qrupunun geri dönməsinin səbəblərindən birinin Netanyahu ilə ordu arasında əsir mübadiləsi danışıqlarında fikir ayrılığının olduğu bildirildi, lakin bu barədə ətraflı məlumat verilmədi.
ABŞ prezidenti Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlayıb.
Bayden bu təklifin İsrailə aid olduğunu desə də, Netanyahu "müəyyən edilmiş hədəflərə çatana qədər" Qəzzada hücumlarını davam etdirəcəklərini bildirib. Netanyahu iyunun 3-də Parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində etdiyi çıxışında İsrailin təklifi ilə Baydenin təklifi arasında “boşluqlar” olduğunu iddia edib.