Təcili qeysəriyyə əməliyyatı uğurla icra edilib - FOTO

9 Avqust 2024 14:33 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinə çanağında kəskin ağrılarla daxil olmuş pasiyent üzərində təcili surətdə qeysəriyyə əməliyyatı icra edilib. SİA xəbər verir ki, mama-ginekologiya şöbəsinin rəisi, t.f.d., mama-ginekoloq Dr.Təranə Bayramova tərəfindən 36-37 həftəlik hamiləlik dövründə olan qadın üzərində icra edilən bu əməliyyat uğurla başa çatıb.

Əməliyyatın gedişində çapığın ayrılması aşkarlanıb və təcili olaraq uşağın doğulması qərara alınıb. Qeyd edək ki, bu, ananın üçüncü hamiləliyidir.

Mərkəzi Gömrük Hospitalının pediatrı Dr.Fərəh Vahabovanın sözlərinə görə, doğuş zamanı 43 sm boy, 2 kq 525 qr çəki ilə normal uşaq dünyaya gəlib. Uşağın vəziyyəti Apqar şkalası ilə 8- 9 balla qiymətləndirilib. Hazırda uşaq ana südü ilə qidalanır, ananın və uşağın vəziyyəti yaxşıdır, onlar bu gün evə buraxılıb.