"Bu şəraitdə müharibənin tezliklə başa çatacağını söyləmək çətindir" - MÜNASİBƏT BİLDİRİLDİ

9 Avqust 2024 14:29 (UTC+04:00)

"İran-İsrail münaqişəsinin, təəssüf ki, nə vaxta qədər davam edəcəyini söyləmək mümkünsüzdür. Çünki onun tarixi köklərində o qədər dərinə gedən ədalətsizlik və balanssız bir yanaşma var ki, bunu həll etmək praktik şəkildə çox mürəkkəb bir vəziyyətə gəlib çıxıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, nəzərə alsaq ki, bu gün hərbi qarşıdurma səviyyəsindədir, müharibə gedir: "Bu münaqişənin həll olunması üçün, hətta ilkin addım olaraq atəşkəsin belə əldə olunmasına nail olmaq mümkünsüzdür. Hər iki tərəfdən saysız şəkildə ölənlər var. Xüsusilə də, fələstin ərəbləri kütləvi şəkildə qırılır. Bəzi zəruri olan humanitar məsələlər barədə razılığa gəlmək mümkünsüzdür. Buradan da Qəzza, Həmasın liderlərindən biri İranda qətlə yetirildi. Elə bir adam ki, danışıqları o aparırdı. Bu, belə qənaətə gəlməyə əsas verir ki, hətta yaxın vaxtlarda Həmas-İsrail danışıqlarının belə bərpa olunması gözlənilmir. Belə şəraitdə bu müharibənin tezliklə başa çatacağını söyləmək mümkünsüzdür. Bütün ehtimallara görə münaqişə bir az da dərinləşəcək.

Müharibənin miqyası genişlənmək təhlükəsinə malikdir. Çünki bir tərəfdən fələstin ərəblərinin haqqına lazımi səviyyədə, beynəlxalq hüquq çərçivəsində münasibət göstərilmir, digər tərəfdən isə İsrailin təcavüzünü cilovlamaq yolunda lazımi addımlar atılmır. Bu şəraitdə münaqişənin tezliklə başa çatacağını söyləmək çətindir. Daha geniş yanaşsaq, regionda daha geniş miqyaslı müharibəyə gəlib çıxmaq ehtimalı var. Regionun yeni dövlətlərinin birbaşa müharibəyə cəlb olunmaq təhlükəsi var. Nəzərə alsaq ki, region dövlətləri ilə ayrılıqda və bütünlüklə regionda marağı olan çoxlu sayda kənar dövlətlər var. Onda bunun ən uzaq perspektivdə, hətta dünya müharibəsinə çevrilmək təhlükəsi də var. Çox təəssüflər olsun ki, hələlik bu vəziyyətin genişlənməsinin qarşısını almaq üçün lazımi addımlar atılmır və yaxud da, atılan addımlar nəticə vermir. Birinci vacibdir ki, atəşkəsə nail olunsun, 67-ci il sərhədləri çərçivəsində iki dövlətin yaradılması prinsipinə əməl edilsin. BMT Təhlükəsizlik Şurasının Fələstində iki dövlət yaradılması ilə bağlı qətnamələrinə qeyd-şərtsiz əməl olunsun. Amma çox təəssüf ki, hələlik BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yaxın Şərq probleminin həlli mövqeyində dayanan dövlətlər ya əksəriyyət təşkil etmirlər, ya da onların təsiri yetərli deyil. Burada Rusiya, ABŞ və BMT Təhlükəsizlik Şurasının üzvü olan digər ölkələrin kordinasiyalı fəaliyyətinə böyük ehtiyac var. Təəssüf ki, buna da indiki şəraitdə nail olmaq mümkün deyil.

Yaxın Şərq probleminin gələcəyi barədə aydın və konkret söz söyləmək çətindir. Amma vəziyyət ağırdır. Onun dünya müharibəsinə çevrilmək təhlükəsi realdır".