Hizbullah ötən həftə İsrailin şimalına bir sıra dron və raket hücumları həyata keçirib, lakin İsrailin keçən ay komandir Fuad Şükürə qarşı sui-qəsdinə hələ cavab vermədiyini bildirib. Beləliklə, Hizbullah hücumların daha da şiddətlənəcəyi barədə xəbərdarlıq edib. İsrail tərəfi rəsmi itkiləri açıqlamaqdan çəkinsə də, Mayfadun qəsəbəsində evlərə düşən raket zərbələri nəticəsində dinc əhali həyatını itirib. Belə ki, Dəmir Qübbə barədə əfsanələr də bir qədər unudulub. Qarşılıqlı hücumlar isə İran, Hizbullah və İsrail arasında gərginliyi artıraraq münaqişənin yayıla biləcəyi ehtimalını da artırıb.
Beləliklə, regionda böyük müharibə başlayarsa, tərəflərin hərbi qüvvələrinin nə dərəcədə hazırlıqlı olması mühüm araşdırma mövzusudur. İlkin müşahidələrə əsasən, İsrail müdafiə sistemlərinə İrandan daha çox pul xərcləyir. İranın müdafiə sənayesi büdcəsinin 2022-2023-cü illərdə təxminən 7,4 milyard dollar olduğu bilinir. İsrailin büdcəsinin isə bundan iki dəfə çox, təxminən 19 milyard dollar olduğu məlumdur. İsrailin 340 döyüşə hazır hərbi təyyarəsi var ki, bu da ona dəqiq hava zərbələrində üstünlük verir. Bunların arasında F-15 təyyarələri, radarlardan yayına bilən yüksək texnologiyaya malik F-35-lər və sürətli hücum helikopterləri var. İranın isə təxminən 320 döyüş qabiliyyətinə malik təyyarəsi var. Bu təyyarələrin əksəriyyəti 1960-cı illərə aiddir. Onlar F-4, F-5 və F-14-lərdən ibarətdir.
Hərbi ekspertlərə görə, bu köhnə təyyarələrdən neçəsinin həqiqətən uça biləcəyi müəmmalıdır. İranın bu sahədə geri qalmasına səbəb Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalardır. Qeyd edək ki, İranın sahib olduğu ən yaxşı təyyarələr hesab edilən F-14 “Tomcat” ABŞ- da təxminən 20 il əvvəl təqaüdə çıxarılıb. Buna baxmayaraq bu təyyarələr İranda hələ də xidmətdədir və onun əsas ümid yeridir. İsrail tərəfdə isə Dəmir Qübbə müdafiə sistemlərinin onurğa sütununu təşkil edir. Yaxın müddətdə Dəmir Qübbə raketdən müdafiə sistemi İran tərəfindən atılan 300-dən çox raket və pilotsuz uçan aparatı məhv edib.
İki ölkə arasında müharibə ehtimalını dəyərləndirmək üçün onların coğrafi uzaqlıqlarına da baxmaq lazımdır. İsrail İrandan 2100 km-dən çox uzaqda yerləşir. Bu səbəbdən uzaq məsafəli müharibədə daha çox qarşılıqlı raket hücumları görə bilərik. İran isə Yaxın Şərqdə ən böyük raket təchizatına malikdir. 2022-ci ilə qədər olan statistik məlumata görə, İran 3 mindən çox ballistik raketə malikdir. 1980-1988-ci illər arasında İraq-İran müharibəsindən sonra İran öz raket sistemləri və pilotsuz uçuş aparatlarının üzərində geniş iş aparır. Ölkə qısa, uzun mənzilli raketlər və pilotsuz təyyarələri istehsal edərək onların bir çoxunu İsrailə üzərində testdən keçirib.
İsrailin ən böyük üstünlüyü isə onun hava qüvvələri və uzaqdan idarə olunan silahlarıdır. Buna görə də İsrailin İrandakı əsas hədəflərə hava zərbələri endirmək potensialı var. İsrailin dəqiq atışlarla İrandaki neft, benzin təchizatlarını və hərbi bazaları vura biləcəyinə də güman etmək olar. Keçmişdə yəni Hənayinin öldürülməsindən daha öncə də İranın yüksək rütbəli hərbçiləri və mülki şəxsləri hava hücumları nəticəsində həlak olub. Məsələn, İranın İsrailə hücumuna səbəb aprelin 1-də Suriya paytaxtında İran konsulluğunun binasını atəşə tutması da buna nümunədir. Hərbi analitiklər idda edir ki, İran dənizdə də İsraildən geri qalır. Belə ki, İran donanmasının döyüşə hazır olmayan və istifadə müddətini aşmış 220-yə yaxın gəmisi var. İsrail donanmasının isə 60-a yaxın gəmisi tam təchizatlı hərbi gəmisi var.
Məsələyə coğrafi və demoqrafik cəhətdən baxmaq da vacibdir. İran İsraildən ərazi cəhətdən çox böyük bir ölkədir. Əhalisi isə təxminən 89 milyondur. Yəni bu 10 milyon əhalisi olan İsraildən təxminən doqquz dəfə çoxdur. Bu səbəbdən İran ordusunun İsraildən təxminən altı dəfə çox əsgəri var. Belə ki, İranın əsgərlərinin sayı 600 min, İsrailinki isə 170 mindir.