Maraqlıdır, "fast food" niyə böyük şəhərlərin əhalisi arasında inanılmaz dərəcədə populyardır? Yəqin tez hazırlanır, dadlıdır, doyumculdur və çox bahalı deyil. Bu səbəbdən də istehsalda və satışda burger, sosiska, şaurma və s. kimi tez hazırlanan qidalar var. SİA xəbər verir ki, həkimlərin fikrincə, "fast food" sağlamlıq üçün təhlükəlidi.
Görəsən "fast food"un ziyanı nədədir? Bu barədə çox yazılıb. Amma yenə də "fast food"a rəğbət azalmır. Xüsusən də gənclər arasında.
"Fast food" yüksək kolorili qidadır. Piylənməyə səbəb olur. Məsələn, ənənəvi olaraq kartof qızartması, hamburger, "Coca-Cola" və desertdən ibarət standart naharda 1000 kkaldan çox kalori var ki, bu da bir yemək üçün açıq-aşkar həddindən artıqdır.
"Fast food"da olan trans yağlar qaraciyər, ürək-damar, endokrin sistemlə bağlı problemlər yaradır. Həmçinin bədxassəli şişlərin riskini xeyli artırır. İnsanlar üçün trans yağların təhlükəsiz miqdarı gündəlik istifadə də 1%-dən çox olmamalıdır. Amma bir porsiya "fast food" naharının tərkibində belə yağların təxminən 40%-i var.
Qeyd edək ki, Fast foodun tərkibində çoxlu sayda konservantlar, dad artırıcılar və bədənə faydası olmayan boyalar var. Həddindən artıq şəkərin və duzun olması da orqanizmə zərərdir. Həkimlər belə yeməklərin asılılıq yaratdığını deyir.
SİA qeyd edir ki, alimlər uşaqlar və yeniyetmələr arasında araşdırma aparıblar, bu araşdırma zamanı müntəzəm olaraq "fast food" qəbulu ilə psixi problemlərin yaranması arasında əlaqə qurulub. "Fast food" restoranlarına mütəmadi olaraq baş çəkən gənclər daha çox narahatlıq, depressiyaya meyl, əsassız aqressiya, yersiz reaksiyalar və intihara meyl kimi psixi pozğunluqlardan əziyyət çəkirlər. Bu gün tədqiqat davam edir, elm adamları fast foodun uşaqların psixikasına bu təsir mexanizmini anlamağa çalışırlar.
Bir sözlə, "fast food"un zərəri çoxdan sübut olunub. Əlbəttə ki, ayda bir dəfə hamburger və kartof yemək olar. Ancaq sağlamlığımızı qorumaq istəyiriksə, sağlam qidaya üstünlük versək daha yaxşı olar.
Gülnarə Nəriman