Ətraf mühitə dəyən ziyan gələcək nəsillər üçün fəlakətə çevrilə bilər - ARAŞDIRMA

8 Avqust 2024 14:36 (UTC+04:00)

Bu gün qlobal əhəmiyyət daşıyan bir sıra problemlər var ki, bütün dünyanı ciddi şəkildə narahat edir. Bu problemlərdən biri də məhz ekologiyaya vurulan ziyan səbəbindən yaranan iqlim dəyişikliyidir. İqlim dəyişikliyi dünyada mövcud olan bütün canlıların və təbiətin gələcəyinə hədsiz təhlükə yaradır.

Anomal istiləşmə kənd təsərrüfatından tutmuş, müxtəlif istehsal sahələrinə qədər hər bir sferaya öz mənfi təsirini göstərməkdədir. Mütəxəssislər hesab edirlər ki, bu arzuedilməz prosesin qarşısı alınmasa, yaxın perspektivdə dünya böyük təhlükələrlə qarşı-qarşıya qalacaq. Qeyd olunan təhlükənin aradan qaldırılması üçün dünya ölkələrinin öz səylərini birləşdirmələri vacibdir. Hazırda dünya ölkələrinin ekologiyanın mühafizəsi çərçivəsində qarşıya qoyduqları əsas məqsədlərdən biri atmosferə buraxılan zəhərli qazların maksimum dərəcədə heç olmasa, 50-70 faizə qədər azaldılmasına nail olmaqdır. Düzdür, bu öhdəliyin yerinə yetirilməsi heç də asan deyil. Ona görə də haqqında danışılan məqsədin nəzərdə tutulan müddətdə gerçəkləşdirilməsinə yönəlik şübhələr hələ də var.

Bu gün Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri də 2035-ci ilə qədər istehsal prosesində ayrılan zəhərli qazların atmosferə buraxılmasının qarşısının alınması və o göstəricinin minimallaşdırılması üçün öz üzərlərinə konkret vəzifə götürüblər. Bu o deməkdir ki, Azərbaycan dövləti ekologiyanın, ətraf mühitin qorunması istiqamətində ciddi addımlar atır.

Bundan başqa, Azərbaycan artıq bir neçə ildir ki, yaşıllaşdırma və meşə sahələrinin genişləndirilməsi istiqamətində işlər görür. Yolların kənarında belə salınan “yaşıl zolaqlar” ekologiyanın qorunmasında mühüm rol oynayır. Əsas məsələ olan qlobal istiləşmə isə bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə edilir. Keçmişdən günümüzə qədər bir sıra istehsal sahələri ekologiyaya həddən artıq ziyan vurub. Bu səbəbdən, “yaşıl enerji”nin inkişaf etdirilməsi potensial olaraq ekologiyanın mühafizəsi və qorunmasının gücləndirilməsi anlamına gəlir. “Yaşıl enerji”nin əldə olunması üçün isə istər ölkəmizdə, istərsə də dünyanın hər bir yerində kifayət qədər imkanlar var.

Qeyd edək ki, XX əsrin ikinci yarısından etibarən, qlobal istiləşmənin qarşısını almaq üçün dünya miqyasında müəyyən addımlar atılıb. Bir çox ölkələr ekologiyaya zərər vurmadan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə müxtəlif yollarla “təhlükəsiz” istehsalat keçməyi planlaşdırır. Çünki ekologiyanın qorunması iqtisadi inkişafın vacib tərkib elementlərindən biridir. Bu gün ətraf mühitə dəyən ziyan gələcək nəsillər üçün məhdud sayda maddi nemətlərin, təbii resursların qalacağı anlamındadır. Ona görə də 2030-cu ilə qədər ətraf mühitin və ekologiyanın mühafizəsi istiqamətində bir sıra proqramların həyata keçirilməsi nəzərdə tutulub. Buna nə qədər nail olacağı isə zamana bağlıdır. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrin hər biri bu vacib məsələyə ciddi yanaşmalıdır.

Gülnara Nəriman