Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. SİA xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb. Güləşçimiz xalçadan 4:11 hesabı ilə məğlub ayrılıb. Rəqib finala vəsiqə qazansa, Ə.Rzazadə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcək.
Digər sərbəst güləşçi Osman Nurmaqomedov (86 kiloqram) isə bir neçə dəqiqə sonra 1/8 finalda monqolustanlı Bat Erdene Byambasurenlə üz-üzə gələcək.
Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq. Onun rəqibi qırğızıstanlı Amantur İsmayılov olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində dörd medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.