Regionların elektrik təsərrüfatının yenilənməsi istiqamətində “Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və quruculuq işləri Tovuz rayonunu da əhatə edib. SİA xəbər verir ki, əsasən rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur. 110/35/10 kV-luq “Qovlar” və 110/35/6 kV-luq “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Rayonun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu olmaqla 8 kəndində işlər başa çatdırılıb.
Kəndlərdə istismar müddətini başa vurmuş 0.4, 6 və 10 kV-luq dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Hazırda Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan olmaqla 3 kənddə yenidənqurma işləri davam etdirilir. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.
Yenidənqurma işləri çərçivəsində 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin də elektrik şəbəkəsi yenidən qurulub. Kəndin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb. 0.4 və 10 kV-luq dayaqlar basdırılıb, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib.
“Azərişıq” ASC-nin əsas hədəfi vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir. Bu hədəfə nail olmaq üçün Şərqi Zəngəzur və Qarabağ da daxil olmaqla ölkənin bütün regionlarında yenidənqurma və əsaslı təmir-bərpa işləri davam etdirilir.