Zərifə xanım Əliyevanı böyük qürurla anırıq
Bütün keyfiyyətləri ilə əsl Azərbaycan xanımı, görkəmli və eyni zamanda ən yüksək insani dəyərlərə malik oftalmoloq həkim, Ümummilli Liderimiz Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, ölkəmizə iki layiqli övlad, eyni zamanda müzəffər sərkərdə, lider bəxş edən qayğıkeş ana obrazıdır, Zərifə xanım Əliyeva. Hər zaman nur saçan qadının həyat yoluna nəzər saldıqca gözlər qarşısında Azərbaycanın daim qürurla andığı bir qadın canlanır. Tarix məhz belə insanların sayəsində yaranır, onların nəcibləşən ömürləri gələcək nəsillərə örnək, nümunə olur.
İşıqlı ideallara doğru
Bir bahar günündə dünyaya göz açan, həyatının bütün illərini bahar ömrü yaşadığı üçün elə baharda da dünyadan köçən Zərifə xanım Əliyeva görkəmli həkim, sədaqətli və mehriban həyat yoldaşı, qayğıkeş ana, əsl insan kimi hər an gözəl duyğularla anılır.
Zərifə xanım Əliyeva qədim Naxçıvan diyarında, Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdı. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdı. Zəngin təhsil ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı ideallara doğru istiqamətləndirmişdi.
O, 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsil almaq məqamında Zərifə Əliyevanın həkimlik sənətini seçməsi atası, tibb elmləri doktoru, professor Əziz Əliyevin yolunu davam etdirmək arzusundan doğmuşdursa, göz həkimliyini ixtisas kimi seçməsi onun xeyirxahlığından, işıqlı insan olmasından irəli gəlmişdi.
Tələbəlik həyatının ilk günlərindən fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü, təvazökarlığı və sadəliyi, insanpərvərliyi və vətənpərvərliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdi.
Fundamental tibbi biliklərə dərindən yiyələnən Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək amalı baş qaldırmışdı və O, öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Görünür, son dərəcə zəriflik və incəlik, həssaslıq və nəciblik tələb edən göz həkimliyi Zərifə xanımın təbiətindəki nadir xüsusiyyətlərə daha yaxın idi. Zərifə xanımın timsalında bir daha sübuta yetirildi ki, peşəsini ürəkdən sevən həkim, həqiqətən, xarüqələr yaratmaq iqtidarındadır.
Gözlərə nur həkim
Zərifə xanım Əliyeva ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlamışdı. Onun başlıca məqsədi nəyin bahasına olursa-olsun, tezliklə Azərbaycanda traxoma xəstəliyini törədən səbəbləri aşkar edib aradan qaldırmaq, optimal müalicə üsullarını tapmaq, müvafiq profilaktik tədbirləri vaxtında həyata keçirməkdən ibarət idi. İnsanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi ağır zəhmət və uzunmüddətli vaxt tələb edirdi.
Zərifə xanım Azərbaycanın bütün rayonlarını gəzərək traxoma ocaqlarını aşkar etmiş, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirmişdir. Onun mövcud müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiki hesab edilən sintomisindən istifadə etməklə müalicə üsullarını həyata keçirməsi bu ağır xəstəliyin qarşısının alınmasında başlıca rol oynamışdır.
Elmi-tədqiqat mövzusu kimi də Zərifə xanım Əliyevanın göz xəstəliklərinin müasir müalicə üsullarına müraciət etməsi insanlara və onları əhatə edən mühitə daha çox işıq gətirmək qayəsinin ifadəsidir. Zərifə xanım Əliyeva 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Namizədlik dissertasiyası kimi bu mövzunun seçilməsi geniş yayılmış traxoma xəstəliyinin ən intensiv müalicə üsullarının müəyyən olunmasına və tətbiq edilib müsbət nəticələr alınmasına şərait yaratmışdır.
Elmi fəaliyyətini real həyatla üzvi surətdə əlaqələndirən Zərifə xanım Əliyeva özünün namizədlik dissertasiyası ilə həm tibb elmini yeni ideyalar və metodlarla zənginləşdirmiş, həm də yüzlərlə insana işıq bəxş etmişdir. Hələ XX əsrin 50-ci illərində Zərifə xanım tərəfindən tibb elmi üçün kəşf edilmiş, elmi cəhətdən əsaslandırılmış müalicə üsulları aradan illər keçməsinə baxmayaraq indi də tətbiq edilir və insanlara nur bəxş edir.
Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqat işləri, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, elmi-pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir. Görkəmli alim 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dəvət olunmuşdur. Həmin kafedranın müdiri vəzifəsində çalışan Zərifə xanım bu institutda dosentlikdən akademikliyə qədər yüksəlmişdir.
1977-ci ildə Bakıda Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir keyfiyyətini qabarıq şəkildə üzə çıxarmış, tədbirin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrilmişdir. Bakıda ilk dəfə olaraq belə bir ittifaq miqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan vermişdir.
Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
Zərifə xanım daim həkim-xəstə münasibətinə xüsusi diqqət yetirmişdir. O, dəfələrlə demişdir ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır. Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir. Həmin məqalələrdən birində yazırdı: "Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?"
Tibb elminə saysız töhfə
Zərifə xanım Əliyeva oftalmologiya sahəsində yeni istiqamətlər üzrə tədqiqatlar aparmış, bununla bağlı görülən müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri" əsərləri bu qəbildəndir.
Görkəmli alimin qələmə aldığı "Terapevtik oftalmologiya", "Oftalmologiyanın aktual məsələləri", "İridodiaqnostikanın əsasları" kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları elmi ədəbiyyatlardır. Gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsərlər heç vaxt aktuallığını itirməyəcəkdir.
Zərifə xanım Əliyevanın "Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti" mövzusundakı doktorluq dissertasiyası tibb elminin cəmiyyətlə əlaqəsi baxımından böyük və qətiyyətli addım idi. O, sadəcə, görmə orqanlarındakı xəstəlikləri deyil, istehsalatda baş verən ictimai və tibbi prosesləri vəhdətdə öyrənmiş, Azərbaycanda ilk dəfə olaraq kimya sənayesi müəssisələrində tibbi laboratoriyalar yaratmışdı.
Görkəmli alim uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisələrində böyük miqyaslı elmi-tədqiqat işləri aparmış, zərərli maddələrin təkcə görmə orqanlarına deyil, eyni zamanda, digər orqanlara təsirini öyrənmişdir. Aparılan səmərəli elmi-tədqiqat işləri, tətbiq edilən düşünülmüş üsullar həm kimya texnologiyası işçilərinin göz xəstəliklərinin qarşısını almış, həm də istehsalat mühitinin zəhərli maddələrdən təmizlənməsinə şərait yaratmışdır.
Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarla elmlər doktorunun və namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər deyirdi: "Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın".
Akademik Zərifə xanım Əliyeva göz xəstəlikləri mütəxəssisi kimi Azərbaycanda bu sahədə elmin əsas yaradıcılarındandır. O, göz xəstəliklərinin müalicəsi problemini elmi məktəb səviyyəsinə çatdırmışdır.
Sədaqətli həyat yoldaşı, qayğıkeş ana
Deyirlər ki, hər bir kişinin arxasında güclü bir qadın vardır. Bəli, çox yerində deyilmiş fikirdir. Ümummilli Liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyeva Ulu Öndərin Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsinə etibarlı dayaq olmuşdur. Daim yüksək vəzifələrdə çalışan Ulu Öndərin, iki övladının və xəstələrinin qayğıları Zərifə xanımın mənalı ömrünün eyni ahəngli akkordları olmuşdur. Bütün bunlar haqqında Ulu Öndər Heydər Əliyev deyirdi: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar".
Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva haqqında Vaqif Mustafayevin "Əsl məhəbbət haqqında" filminə tamaşa edəndə baxmayaraq ki, orta nəsil bu böyük şəxsiyyətlərin nümunəvi, gözəl, səmimi münasibətlərinin şahidi də olublar, lakin bu film insanın qəlbində dəruni hisslər oyadır. Ümummilli Liderin Zərifə xanımı xatırlamasındakı bütün cümlələr qarşısında onun ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbətə heyran qalırsan. Bəli, əsl məhəbbət budur: illərin dəyişə bilmədiyi məhəbbət...
Ömrünün mənasını xalqına xidmətdə görən Zərifə xanım Əliyeva həm də o cəhətdən xoşbəxt idi ki, xalqımız, dövlətimiz üçün gərəkli olan iki övladın anası idi. Zərifə xanım Azərbaycana onun xilaskarını bəxş etmişdir. 30 illik işğal altında qalan torpaqlarımızın qurtuluşçusunu bəxş etmişdir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağı bacaran, müzəffər sərkərdə, sevilən Lider olan Ali Baş Komandanımızı bəxş etmişdir.
Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: "Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur".
Cənab İlham Əliyev bu gün Azərbaycanı dünya dövlətləri içərisində sözü və yeri olan bir ölkə kimi tanıdıb. Heydər Əliyev ideyalarını davam etdirməklə Azərbaycanı inkişaf etmiş ölkələrdən birinə çevirib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Zərifə xanımın sevimli gəlini Mehriban xanım Əliyeva onun ənənələrini davam etdirir. Hər iki ailədən aldığı yüksək dəyərləri öz şəxsiyyətində birləşdirən Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının yüksək intellektual səviyyəsini və vətənpərvərliyini, eyni zamanda bu ailənin ənənələrinin davam etdirildiyini təsdiq edir.
Gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əbədiyaşar alimin əziz xatirəsi daim ehtiramla yad edilir, işıqlı və nurlu əməlləri bu gün də yaşayır və xatırlanır. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl İnsana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür.
8 avqust – Beynəlxalq Oftalmoloqlar Günüdür. Biz bu gün Zərifə xanım Əliyevanı böyük qürurla anırıq!
Mətanət Məmmədova