Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. SİA xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində yer alan Rafiq Hüseynov xalça üzərinə çıxıb. Tokio Olimpiadasının bürünc mükafatçısı 1/8 finalda macarıstanlı David Loşontsini sınağa çəkib.
Qarşılaşma rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. D.Loşontsi finala vəsiqə qazansa, R.Hüseynov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcək.
Daha əvvəl Həsrət Cəfərov (67 kiloqram) inamlı qələbə ilə 1/4 finala yüksəlib.
Bu gün, həmçinin Sənan Süleymanov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.