“Xristian Klubu” informasiya azadlığına niyə həbs qoyur?

7 Avqust 2024 14:56 (UTC+04:00)

Avropa İttifaqının başında duranlar daha bir rəzilliyə imza atıblar. “Demokratiya”, “insan hüquqları” bağırtısı ilə illərdir qulaqları batıran bu “Xristian klubu”, indi də yer üzündə informasiya azadlığına həbs qoyub. Özü də rəzil şəkildə!

Deməli belə, sən demə Aİ rəhbərləri onların və fransa Prezidenti Emmanuel Makronun ikili və iyrənc siyasi oyunlarını ifşa edən sosial media və informasiya saytlarını hədəfə almaq üçün plan hazırlayıblar. Aparıcı sosial media rəhbərləri ilə gizli sövdələşmə yaradan qurum rəsmiləri onları tənqidi materiallara və video çarxlara qadağa qoymaq üçün gizli razılaşmaya dəvət ediblər. Onsuz zaman-zaman ən kritik dönəmlərdə obyektivlik, peşəkarlıq əvəzinə qərbdəki siyasi xuliqanların qərəz dolu tapşırıqlarını icra edən qərb mediası üçün belə sövdələşmə adi haldır. Çünki onlar heç zaman obyektiv və qərəzsiz informasiya məhfumu ilə tanış olmayıblar.

Elə bir neçə il öncə, 44 günlük zəfər müharibəsi zamanı aparıcı Qərb mediasının erməni bombardmanları altında qanına bulanan azərbaycanlı körpələrin ah-naləsini necə görməzlikdən gəldiklərini xatırlatmaq kifayətdir ki, bunların əsl üzünü görəsən. Onlar vicdanlı jurnalistika üçün deyil, peşəkar informasiya killeri olmaq üçün çalışırlar. Aİ rəhbərlərinin bu iyrənc sövdələşmə oyununun bir zərbəsi də Azərbaycan mediasına dəydi. Çünki amerikalı sahibkar, "X" sosial şəbəkəsinin sahibi olan İlon Maskın Avropa Komissiyası ilə digər sosial şəbəkə platformalarının rəhbərləri arasında gizli sövdələşmə olduğu barədə X hesabındakı paylaşımını yaydıqdan sonra artıq qərbdəki siyasətbazların öz siyasi maraqları üçün informasiya almaq azadlığına da əl qoyduqlarını fakt kimi ortaya qoyur.
Avropa İttifaqı rəhbərlərinin heç bir məntiqə sığmayan bu addımı, ilk növbədə, illərdir yalançı şüara çevirdikləri "demokratiya prinsipləri"nə daban-dabana ziddir. Öz siyasi məqsədləri üçün informasiya sektorunu alətə çevirmək, milyonlarla insanın informasiya azadlığını həbs etmək, insan hüquq və azadlıqlarını barbarcasına tapdalamaq görünür bu təşkilat başbilənləri üçün artıq əsas hədəf halını alacaq. Onların bu son addımları qətiyyən heç bir məntiqə sığmır. Bəs illərdir iyrənc şüara çevirdiyiniz, sözünüzə baxmayan müstəqil ölkələrə qarşı əlinizdə qalxana çevirdiyiniz "insan hüquq və azadlıqları başlıca məsələdir" prinsipi harada qaldı?
Sosial şəbəkələrdən, informasiya portallarından başda Fransa olmaqla Avropa İttifaqı rəhbərliyinin ikili standart siyasətini tənqid edən yazıların yoxa çıxardılması, artıq Avropa qitəsindəki siyasi rejimlərin bütün hədləri keçdiyini, heç bir sərhəd tanımadıqlarını ortaya qoyur. Əgər bu gün Avropa İttifaqı 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlamış mürtəce Ermənistanı yenidən qisas əməliyyatlarına sövq edirsə, qanlı qisas planı və hərbi təxribat üçün 270 milyon avrosundan keçirsə, demək ki, ən iyrənc yollar artıq bunlar üçün məqbul variantdır. Siyasi imici yerlə yeksan olmuş, Parisdə keçirilən Olimpiya Oyunlarında fransızların fitə basdıqları Emmanuel Makronun siyasi iyrənclikləri üçün informasiya azadlığını bu şəkildə tapdalamaq açıq-aşkar barbarlıqdır. İlon Maskın etiraf etdiyi kimi, Aİ rəhbərliyi sosial şəbəkələrdə belə iyrənc oyunlara əl atırlarsa, bu, o deməkdir ki, bu mürtəce təşkilat dünyadakı milyonlarla insanın informasiya azadlığı üçün ən böyük maneəyə çevrilməkdədir. Onsuz da son bir neçə ildə elə Avropa qitəsinin özündəcə siyasi mahiyyətləri ifşa olunan bu qurumun öz iyrənclik “koryerasına” informasiya azadlığına həbs qoymaq əməlini də əlavə etməsi bu “Xristian Klubu”nun irəlidə daha betər pisliklərə əl atacağını göstərir. Bunlar üçün yırtıcı siyasi maraqlar azadlıq və demokratiyadan çox-çox üstün dayanır. Avropa deyil, xristian ittifaqına çevrildikləri kimi...

Mətləb Salahov