"Təəssüflər olsun ki dünya gərginlik içərisindədir. Rusiya-Ukrayna müharibəsi, İsrail-Həmas, hətta Latın Amerikasındakı problemlər, Venesuellada Şimali Koreya - Cənubi Koreya arasında gərginliklər və digər bölgələrdəki terror təhdidləri və s. hər birini analiz etsək və baxsaq görərik ki, dünya çox gərgin bir dövrə qədəm qoyub. Dünyamızda həm siyasi, həm hərbi, həm iqtisadi palitra formalaşdırılır". Bu fikirləri SİA-ya açıqlamasında Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, son zamanlar İranda prezident seçkilərinin keçirilməsi və sonda prezidentin and içməsi günü İranın dəvət etdiyi fəxri qonağın terrora məruz qalması və öldürülməsi, özlüyündə bütün diqqətləri İsrail və İran arasına yönəltməyə məcbur etdi: "Çünki İsrail bunu rəsmən etiraf etməsə də bütün diqqətlər İsrailə cəmləşib. Hamı anlayır ki bu qətlin arxasında İsrail və onun qüvvələri dura bilər. Bu mənada İranla İsrail arasında çox gərgin bir münasibət formalaşdı və daha da kəskinləşməyə getdi".
V.İskəndərov bildirib ki, uzun illərdir ki, bu iki sistem arasında, dövlətlər arasında gərginlik mövcuddur, bir-biri ilə mübarizə aparılır. Amma son günlərdə bu terrordan sonra artıq hər iki ölkə böyük müharibədən danışır və hətta İran tərəfi bunun yaxın günlərdə olacağını və sayılı günlərin qalacağını söyləyir. İsrail isə İran ya digər hər hansı bir qüvvə olarsa, onunla üz-üzə durmağa, qarşılamağa və müharibə etməyə hazır olduğunu bildirir və təbii olaraq bunların heç biri müsbət hadisələrdən xəbər vermir. Hətta Donald Tramp üçüncü dünya müharibəsinin başladığını deyir, artıq BMT-nin Baş katibi, digər böyük dövlətlər bu məsələ ilə bağlı açıqlama veriblər. Necə yekunlaşacaq və hansı formada inkişafını indidən söyləmək çox çətin olsa da, sözün əsl mənasında İran qonşu, yaxın dövlətdir və bizim İsraillə yaxın münasibətlərimiz də mövcuddur. Rəsmi Bakı hər hansı bir müharibənin, qarşıdurmanın, insan ölümünün olmasını istəmir və biz hal-hazırda sərhədlərimizin yaxınlığında və ümumiyyətlə bölgədə hər hansı bir eskalasiyanın, müharibənin olmasını arzulamır".