Oxucumuz Şəbnəm Süleymanova redaksiyamıza zəng edərək Müəllimlərin İşə Qəbul imtahanından (MİQ) yüksək bal yığmasına rəğmən Bakıdakı məktəblərdə vakant yer olmadığını, işlə təmin olunmadığından şikayətlənir. Oxucumuzun dedikləri: "Bir neçə ildir ki, imtahana girirəm, 65, 70, 75 bal yığıram, amma vakant yer seçimində Bakı məktəblərinə qəbul ola bilmirəm, sistem seçimimi uğursuz hesab edir. Bunu balımın azlığı ilə əlaqələndirirdilər. Amma bu il MİQ-dən 85 bal topladım, yenə Bakıdakı məktəblərə qəbul alınmır. Mənim ailəm Bakıda yaşayır, burada işləmək məcburiyyətindəyəm, amma bu qədər balımın olmasına rəğmən iş tapmıram. Axı vakant yerlər çoxdur, sertifikasiydan sonra vakant yerlərin hamısı çıxarılmadı müsabiqəyə".
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bir neçə gün öncə bildirilmişdi ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10500 vakant yer təqdim edilib. Lakin sertifikasiyadan sonra ümumilikdə 4300-dən çox müəllimin müqaviləsinə xitam verildiyi üçün vakant yerin azlığı narahatlıq doğurur. Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu məsələni şərh edərkən ölkə üzrə hazırda ehtiyac olduğundan daha çox müəllimin ümumi təhsil müəssisələrində çalışdığını və fənn müəllimlərin dərs saatlarının az olduğunu qeyd etmişdi. Buna görə də hər işdən çıxarılan müəllimin yerinə mütləq başqa müəllim işə götürülməyə bilər. Bunun yerinə, məktəbdə fəaliyyət göstərən aidiyyatı fənn müəllimlərinin dərs saatları artırılacaq.
Həmçinin, bu il ibtidai sinif və Azərbaycan dili fənni üzrə vakansiyaların sayı ötən illə müqayisədə daha çoxdur. Bunun başlıca səbəbi müəllimlərin sertifikatlaşdırması prosesindən kəsilən müəllimlərin bu iki ixtisasdan olmasıdır. Bu il ibtidai sinif üzrə ümumilikdə 712 vakansiya, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə isə 563 vakansiya təqdim olunub.
Məsələni tanınmış təhsil eksperti Ramin Nurəliyevlə müzakirə etdik. Ekspert deyir ki, MİQ imtahanı ilə bağlı fərqli yanaşmalar var: "Əslində məktəb rəhbərlikləri boş olan yerləri – istər ümumi olaraq boş olan yer olsun, istərsə də sertifikasiyadan kəsilmiş müəllimlərin, müqavizəlisnəı xitam verilmiş müəllimlərin boş qalan yerləri olsun – o vakant yerləri nazirliyə təqdim etməlidir, həmin boşalmış yerlər də müfafiq olaraq MİQ imtahanında iştirak etmiş müəllimlərin seçimi üçün vakansiyaya çıxarılmalıdır. Mənim bildiyim qədər Agentlik sertifikasiyadan kəsilən müəllimlərin boş qalan yerlərinin müsabiqəyə buraxılacağını qeyd etmişdi. Amma o yerlərin nə qədərinin müsabiqəyə çıxarılması da əlbəttə ki, çox önəmlidir. Onsuz da o sertifikasiyanı nazirlik keçirib, nəticələri yaxşı olamayn müəllimlərin əmək müqaviləsinə xitam verilib. Ona görə də hansı məktəbdə, hansı ixtisas üzrə neçə yerin boş olduğunu çox aydın bilirlər. Deməli, həmin vakansiyalar MİQ iştirakçılarının seçiminə təqdim edilməlidir və edilir də. Çünki , Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bununla bağlı açıqlama vermişdi".
Ekspret bildirir ki, bəzi paytaxt məktəblərində "təcrübəli" məktəb rəhbərləri vakansiyaları gizlədir, nazirliyə təqdim etmirlər və bu da vakansiya sayının azlığına gətirib çıxarır və keçid ballarının artmasına gətirib çıxarır: "Biz bilirik ki, keçid balları ancaq və ancaq müsabiqədə iştirak edən, seçim mərhələsinə buraxılan vakantların imtahanda topladığı ballara əsasən formalaşır. Yəni, keçən ilin balları keçən ilki müsabiqənin ballarına əsasən formalaşır, bu ilin balları da bu ilin müzabiqə ballarına əsasən. Misal üçün, ötən il 80 bal olan bir Bakı məktəbi vakansiyası bu il 80 bal olmaya bilər, 75 də ola bilər. 85 də, 95 də. Dediyim kimi, bu bu ilki imtahan ballarına görə təyin edilib. Burada əsas məsələ həmin vakansiyaya müraciət edən vakantların topladığı ballar əsasdır. Ola bilər ki, Sabunçu rayonunun hər hansı bir məktəbinə müraciət sayı az olsun, keçid balı da azalsın. Yaxud da, həmin məktəbə yüksək bal toplayanlar müraciət etsin, müraciət sayı çoxluq təşkil eləsin, həmin yerin müzabiqə balı da beləcə artsın. Təkrar edirəm, bunun tənzimlənməsi müsabiqədə iştirak edənlərin topladığı bala əsasən hər il üçün ayrılıqda formalaşır".
Ramin Nurəliyevin sözlərinə görə, builki plan yerlərindəki artım, eyni zamanda boşalmış, müqaviləsinə xitam verilmiş müəllimlərdən boşalan yerlərin müsabiqəyə təqdim edilməsi keçid ballarına təsir göstərəcək: "Bunu indidən demək, xüsusilə Bakı məktəbləri üçün demək çətindir. Çünki bildiyimiz kimi, Bakı məktəblərində müsabiqə şərtləri bir az çətin olur, yəni keçid balı yüksək olur. Amma regional məktəblərdə bu problemlər olmur, keçid balı da az olur. Ümidvaram ki, bu ilki müsabiqədə iştirak edən vakantların çoxluğu keçid ballarının aşağı düşməsinə təsir edər. Müsabiqədən keçən müəllimlərin sayı, topladıqları ballar önəmlidir bu məsələdə. Əgər topladıqları ballar yüksəkdirsə, deməli, builki müsabiqə şərtləri çətin olacaq və ballar qalxacaq.
Qeyd edək ki, müəllim kimi işə başlamaq üçün həmin ixtisas sahibləri 4 mərhələdən keçməlidir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə. 2024-2025-ci tədris ili üçün test imtahanının nəticələrində keçid balı 40 bal götürüldü. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanır. Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilir. Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılır.
Lalə Mehralı