PREZİDENT İLHAM ƏLİYEV: "Bu, beş prinsipdir, təməl prinsipləridir, beynəlxalq hüququn prinsipləridir"
Bu gün Azərbaycan bir sıra aktual qlobal problemlərin həllində aktiv iştirak edən ölkə kimi tanınmaqla yanaşı, eyni zamanda məhz respublikamızın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri həm regionun, həm də Avropanın neftə və qaza olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan həm mühüm forumlara evsahibliyi etməklə, həm də beynəlxalq platformalarda dünyada sülhün təmin olunmasına layiqli töhfələr verir. Çünki 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizə qələbələr qazandırmada davam edir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında qeyd edir ki, ədaləti bərpa etdik, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik: ""Qarabağ Ermənistandır və nöqtə" deyən düşmən bu gün "Qarabağ Azərbaycandır" deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq".
Bəli, bu gün qalib lider Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Bəli, üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, "status-kvo", "Dağlıq Qarabağ" adlı ərazi vahidi ləğv edildi.
Elə cari ilin iyul ayınınn 20-də igidlik və siyasi qətiyyət nümunəsi olan gözəl Şuşamızda iki gün davam edən 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 80-dən artıq media qurumunun qatıldığı İkinci Şuşa Qlobal Media Forumda Azərbaycan Prezidentinin çıxışında ənənəvi olaraq 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsinə də toxundu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, şanlı Ordumuzun ardıcıl qələbələri, torpaqlarımızın uzun illərdən sonra işğaldan azad edilməsi ilə tarixə yazılan, böyük zəfərimizlə başa çatan Vətən müharibəsi kimi, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası da son dərəcə mühüm hadisədir: "Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq". Bunu Azərbaycan Prezidenti forumdakı çıxışında bir daha bəyan etdi və bildirdi ki, torpaqlarımızın azadlığı xalq olaraq bizim üçün ləyaqət məsələsi idi və Azərbaycan xalqı tarixi Zəfərimizlə bunu bir daha göstərdi. Xalqımızın bu Zəfəri bir həqiгəti də təsdiqlədi ki, belə məsələlərdə şəxsi emosiyalara, tələskənliklərə, düşünülməmiş qərarlara qətiyyən yer yoxdur.
Azərbaycan Prezidenti forumdakı çıxışında qeyd etdi ki, o zaman sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalar kənara qoyulmalı idi. "...İnsan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı... Bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq".
Bu fikirlər bir daha təsdiqləyir ki, həlledici məqamlara, proseslərə düzgün hazırlaşanda, bütün addımları yerli-yerində, öz vaxtında-vədəsində atanda uğur qazanmaq mütləqdir. Azərbaycan bu illər ərzində əsas diqqəti xalqımıza, ölkəmizin inkişafına yönəltdi, hər hansı dedi-qodulara, Avropa Parlamentinin və ya Avropa Şurasının hansısa qərəzli bəyanatlarına fikir vermədi, yalnız öz böyük hədəflərinə fokuslanıb məqsədlərinə nail oldu və bu, yeni gələcəyə doğru yolumuzda da məhz belə olacaq. Biz irəli getməliyik!
Göründüyü kimi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən sonra daxil olduğumuz yeni strateji dövrdə də Azərbaycan dövlətinin qarşıya qoyduğu aydın məqsədlər var. Atılan bütün addımlar, irəli sürülən bütün təşəbbüslər Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bu əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da möhkəmləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Prezident bir məqamı da xüsusi qeyd etdi ki, "insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi".Şuşa Forumunda Prezident İlham Əliyev Türkiyənin "Haber Global" televiziyasının aparıcısı Saynur Tezenin hazırkı vəziyyət, sülh sazişi ilə bağlı sualını cavablandıraraq bildirdi ki….
ERMƏNİSTAN HƏMİN SÜLH SAZİŞİNƏ DIRNAQARASI "DAĞLIQ QARABAĞ" MƏSƏLƏSİNİ DAXİL ETMƏK İSTƏYİRDİ. BİZ BUNUN QƏTİ ƏLEYHİNƏ İDİK. ÇÜNKİ BU, BİZİM DAXİLİ MƏSƏLƏMİZDİR
Prezident İlham Əliyev ilk öncə ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyindən danışaraq bildirdi ki, onların nümayəndələri, bilirsiniz ki, orada üç həmsədr var idi, onlar Azərbaycana gəldilər, səfərdə oldular və mən anladım ki, onlar nə edəcəklərini bilmirlər. Yəni, gələcək addımları nədən ibarətdir onu bilmirdilər. Çünki münaqişəyə və işğala Azərbaycan özü son qoydu və 20 il ərzində razılaşdırılmış bütün prinsiplər tərəfimizdən təmin edildi. Yəni, biz bunu etdik.
Prezident İlham Əliyev vurğuladı ki, bizim ölkə və şəxsən mən sülh sazişi üzərində işləməyi təklif etdim: "Mənim fikrim ondan ibarət idi ki, Qarabağ münaqişəsi həll edilib. Biz nə etməliyik ki, iki ölkə münasibətləri normallaşsın. Bu, açıq şəkildə Azərbaycan tərəfindən bəyan edildi. Ancaq Ermənistandan bir cavab gəlmədi. Bir müddətdən sonra biz prinsiplərimizi elan etdik. Bu, beş prinsipdir, təməl prinsipləridir, beynəlxalq hüququn prinsipləridir. Əminəm ki, bu işlərlə məşğul olanlar bilir mən nədən danışıram. Yenə də Ermənistana çox uzun müddət lazım oldu ki, buna razı olsunlar. Yəni, o zamandan etibarən danışıqlar bizim təşəbbüsümüzlə başladı. Həmin danışıqlar bir müddət davam etdi və burada heç bir ciddi irəliləyiş olmadı. Bunun bir xüsusi səbəbi var idi, çünki Ermənistan həmin sülh sazişinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyirdi. Biz bunun qəti əleyhinə idik. Çünki bu, bizim daxili məsələmizdir. Daxili məsələlər müzakirə mövzusu ola və təbii ki, sazişə də daxil edilə bilməz. Bu məsələ açıq qaldıqca digər məsələlər haqqında, o qədər də əhəmiyyətli olmayan məsələlər haqqında danışmağın mənası yox idi. Azərbaycan öz suverenliyini ötən ilin sentyabrında bərpa etdikdən sonra biz daha üç ay gözlədik ki, Ermənistan nəhayət, danışıqlara yenidən başlasın. Yəni, praktiki baxımdan mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir".
Azərbaycan Prezidenti söylədi ki, sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi. Ancaq burada yenə də hazırda iki məsələ var: "Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ "canlı" saxlanılmasında nə fayda var, nə məqsəd var?!. ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir".
"Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir",-deyən Prezident İlham Əliyev söylədi ki, Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var: "Orada Ermənistanın və dırnaqarası "Dağlıq Qarabağ"ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir. Ona görə biz o vəziyyətdə olmaq istəmirik ki, bir gün onlar yenə də öz fikirlərini dəyişəcəklər və biz sentyabrda atdığımız addımları təkrar etməyə məcbur qalacağıq".
Prezident İlham Əliyev onu da vurğuladı ki, bütün bununla yanaşı, mətn üzərində danışıqlar davam edir: "Deyə bilmərəm ki, xarici işlər nazirləri növbəti görüşü nə zaman keçirəcək? Bu gün mən daha az nikbinəm".
Bir sözlə, Şuşa Forumunda Prezident İlham Əliyev ölkəmizə qarşı istiqamətlənən bütün yalanları və saxta mahiyyətli xəbərləri də ifşa etdi. Və bu gün Azərbaycan suverenliyini, ərazi bütövlüyünü təmin etmiş ölkədir. Artıq zəif, sözü eşidilməyən deyil, qüdrətli Azərbaycan var. Onun güclü Liderinin mütəqil siyasəti sayəsində regionda yeni reallıqlar yaranıb. Çünki Prezident İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı qlobal miqyasda güc kimi təsdiqlədikcə və ölkəmizlə hesablaşıldıqca, hər kəs reallıqlara daha açıq gözlə baxmaq məcburiyyətində qalır. Əsl reallıqlar da Azərbaycanın hər zaman haqlı olduğunu sübuta yetirir.
BİZ HEÇ BİR ÖLKƏ İLƏ, HEÇ BİR BEYNƏLXALQ QURUMLA QARABAĞDAN DANIŞMAQ FİKRİNDƏ DEYİLİK
Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlərŞəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən Prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur. Dövlət başçısı bütün çıxışlarında, görüşlərində dönə-dönə vurğulayıb ki, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Ən vacib məqam isə xalqımızın 30 illik yurd həsrətində olan xalqımız Ali Baş Komandanımızın "Dəmir yumruq" siyasəti ilə 44 gün ərzində Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə "Qarabağ Azərbaycandır"mıza qovuşdu.
AZƏRBAYCAN İNDİYƏ KİMİ NƏYİ DİKTƏ EDİBSƏ, O İCRA EDİLİB, ÖHDƏLİKLƏRDƏN QAÇMAQ MÜMKÜN DEYİL
Bəli, bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Bəli, üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, status-kvo, "Dağlıq Qarabağ" adlı ərazi vahidi ləğv edildi. Və beləliklə, bu qələbənin nümayişi 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında bir daha dünyaya göstərildi. Bu Paradla Qarabağ Azərbaycandır! nidasının təntənəsi, "Dağlıq Qarabağın" statusunun olmayacağının Azadlıq meydanında nümayişi, işğalçı Ermənistanın yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkməsinin nümayişi idi. Çünki bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir statusdan söhbət gedə bilməz! Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Bütün bu söylənilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, "Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!" deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Və "Ermənistanın hünəri varsa, tanısın "Dağlıq Qarabağ respublikası"nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!" – bu, Azərbaycan Prezidentinin sözü, tələbidir!
Bir sözlə, bütün bunlar Azərbaycanın dünyaya nə qədər sülhsevər bir ölkə olduğu bir daha nümayiş etdirir. Beləliklə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.
RƏFİQƏ KAMALQIZI