Rusiyaya Amerika avadanlıqları tədarük etdiyinə görə
ABŞ Ticarət Departamentinin köməkçisi Metyu Akselrod bu yaxınlarda Ankara və İstanbulda Türkiyə rəsmiləri ilə görüşüb. Financial Times (FT) xəbər verir ki, o, bu görüşlərdə xəbərdarlıq edib ki, Türkiyə ABŞ texnologiyalarının Rusiyaya ixracını azaltmasa, “nəticələr”lə üzləşəcək.
ABŞ hesab edir ki, Qərb elektronikası Türkiyə vasitəsilə Rusiyaya çatır. Adının çəkilməsini istəməyən məmurun sözlərinə görə, ABŞ-ın mövqeyinin sərtləşməsi artıq Amerika mallarının idxalı ilə bağlı Rusiya xərclərinin artmasına səbəb olub. Bundan əlavə, ABŞ Ticarət Nazirliyi ABŞ şirkətlərindən Türkiyədən 18 şirkətə “həssas komponentlər” satmaq üçün icazə almağı tələb edir və bu siyahı genişləndirilə bilər.
Akselrod deyib ki, Türkiyə Amerika çipləri və digər hissələrin ticarətini məhdudlaşdırmaq üçün daha çox çalışmalıdır. Onun fikrincə, Moskva Amerika avadanlıqlarına çıxış əldə etmək üçün “Türkiyənin ticarət siyasətindən istifadə etməyə çalışır”.
“Amerika texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almaq üçün Türkiyəyə kömək etmək lazımdır. Biz Türkiyə hakimiyyət orqanlarından və sənayesindən sürətlə irəliləyiş görməliyik, əks halda bizim ixrac nəzarətimizdən yayınanlara sanksiya tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”, – Metyu Akselrod qəzetə deyib.
2022-ci ilin fevralında xüsusi əməliyyat başlayandan 2024-cü ilin birinci yarısının sonuna qədər 57 ölkədən 494 şirkət Rusiya ilə əlaqələrə görə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalıb. Məhdudiyyətlərə məruz qalan şirkətlərin maksimum sayı Çində qeydə alınıb - 107. BƏƏ ikinci yerdədir - 75. Daha 66 şirkət Türkiyədə qeydiyyatdan keçib.
V.VƏLİYEV