Mərkəzi Seçki Komissiyası (MSK) “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. SİA xəbər verir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-nın maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki iştirakçıları üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.
Genişmiqyaslı proqrama uyğun olaraq hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasının başlıca məqsədi Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, sərbəst fəaliyyətlərini daha da təkmilləşdirmək və onlara metodiki köməklik göstərməkdir.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, eləcə də müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.
Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.
“Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.