"İran HƏMAS liderinin öldürülməsinə cavab verməlidir..."

7 Avqust 2024 00:47 (UTC+04:00)

...ABŞ tərəfindən terror qruplaşması elan edilmiş “Hizbullah” İslamçı qruplaşmasının lideri Həsən Nəsrullah deyib ki, İsrailin son hərəkətləri “qətiyyətli və təsirli” cavabsız keçməyəcək. Bu bəyanat regionda genişmiqyaslı müharibənin başlanması qorxusu fonunda verilib.

Aylardır ki, İsrail və Livanda yerləşən “Hizbullah” qruplaşması mütəmadi olaraq sərhəddə bir-birlərinə zərbələr endirir, çoxlu insan həlak olur. İyulun 27-də Livan ərazisindən İsrailin nəzarətində olan Qolan təpələrinə raketlər atılıb. Bu atəş nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfər həlak olub.

Gərginlik yalnız İsrailin Beyrut kənarında “Hizbullah”ın yüksək rütbəli komandiri Fuad Şükrün, Tehranda isə HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsindən sonra endirdiyi zərbədən sonra güclənib.

Fələstinin HƏMAS qruplaşması ABŞ və Avropa İttifaqı tərəfindən terror qruplaşması elan edilib.

...Tehran “Hizbullah”ın əsas müttəfiqidir və Livan qrupu İranın qondarma "müqavimət oxu"nun - İsrail və ABŞ-a müqavimət göstərməyə kömək edən yarımhərbi qrupların sərbəst şəbəkəsinin əsas üzvüdür.

Həsən Nəsrullah avqustun 6-da televiziya ilə çıxışında deyib: Tehran “özünü cavab verməyə borclu hesab edir və düşmən ən böyük qorxu içində gözləyir”. O əlavə edib ki, “Hizbullah” “ya təkbaşına, ya da regionda İranın dəstəklədiyi bütün qrupların vahid cavabı kontekstində” cavab verəcək.

Qeyd edək ki, İsrail Şükr və Haniyənin ölümünə görə məsuliyyəti hələ də üzərinə götürməyib.

...Yeri gəlmişkən, ABŞ dövlət katibi Antoni Blinken avqustun 5-də baş verənləri region üçün “kritik an” adlandırıb və Vaşinqtonun gərginliyi azaltmaq üçün “demək olar ki, gecə-gündüz fəal şəkildə diplomatiya ilə məşğul olduğunu” deyib. ...Bu açıqlama İranın Haniyənin öldürülməsinə görə İsrailə cavab zərbəsi endirəcəyi ilə bağlı qorxular fonunda verilib(?).

Əli Babayev