Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsinə məqalə qəbuluna başlanılıb. İnstitutdan SİA-ya bildirilib ki, yazılarının dərc olunmasını arzulayan müəlliflər sentyabrın 30-dək jurnalın rəsmi internet saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmaqla araşdırmalarını göndərə bilərlər.
Jurnala teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən təhlil edilən məqalələri vermək olar.
“Din araşdırmaları” Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və yayımlanır. Əsasən, orijinal, əvvəllər heç bir nəşrdə dərc olunmamış və nəşrə təqdim edilməmiş araşdırmalar qəbul edilir.
Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, eləcə də doktorantların və magistrantların məqalələri qəbul edilir.
Elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunacaq hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir.
Jurnala göndərilən məqalələr anonimlik gözlənilərək redaksiya heyətində olan yerli və xarici alimlərin dəyərləndirilməsindən sonra dərc olunur.