"Bölgədə olan tarix və mədəniyyət abidələri bu ərazilərdə xalqımızın minilliklər boyu yaşadığını sübut edir. Bu mədəniyyət nümunələri tariximizin daşlaşmış yadigarları olaraq xalqın tarixini, təfəkkürünü, yaşam tərzini keçmişdən bu günə, bu günümüzdən gələcəyə ötürür". Bu sözləri SİA-ya açıqlamasında “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, Abidə mühafizəçisi Leyla Omarova deyib.

O bildirib ki, Qazax rayonunda qeydiyyata alınmış 112 tarixi abidə var: "Bunlardan 3-ü dünya əhəmiyyətli abidələrdir - Sınıq körpü, Baba Dərviş yaşayış məskəni, Damcılı mağara düşərgəsi.
Sınıq körpü Qazax rayonunda Gürcüstan Respublikası ilə sərhəddə olan və Xram çayı üzərindən keçən çoxaşırımlı körpüdür. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Körpünün tikintisi zamanı istifadə edilmiş daşın rənginə görə ona Qırmızı körpü də deyilir. Sınıq körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpünün uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. 2019-cu ildə Azərbaycan Respublikası tərəfindən körpüdə təmir-bərpa işləri aparılmışdır.
Qazax rayonunda yerləşən digər dünya əhəmiyyətli abidə Baba-Dərviş qədim yaşayış məskənidir. Bölgənin uzaq tarixinə işıq salan yaşayış məskəni Xanlıqlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerində 1958-1962-ci və 1966-cı illərdə arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid maraqlı tapıntılar əldə olunmuşdur. Baba Dərviş qədim yaşayış yeri sıralı düzülmüş 5 təpədən ibarətdir. Aparılan araşdırmalar nəticəsində toplanan arxeoloji materiallar göstərmişdir ki, bu məskən hələ eramızdan əvvəl III minilliyin başlanğıcında mövcud olmuşdur.
Qədimliyi və unikal görünüşü ilə seçilən dünya əhəmiyyətli abidələrdən biri "Damcılı mağara düşərgəsi" Qazax rayonu və Azərbaycan ərazisində yerləşən ən qədim tarixi olan abidələrdən biridir. "Damcılı mağara düşərgəsi" Qazax rayonunda fəaliyyət göstərən "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Arxeoloji abidədir. Tarixi paleolit dövrünə aiddir. Yarımdairəvi formada olan mağaranın qarşı tərəfdən hündürlüyü 4 metr, sahəsi 360 kvadratmetrdir. Mağaranın qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır".
"Bu ərazidə ilk dəfə 1953-1957–ci illərdə arxeoloq M.M.Hüseynovun tərəfindən arxeoloji qazıntılar aparılmış, Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilmiş, iki minə yaxın alət tapılmışdır. Eyni zamanda mağarada əldə edilən əmək alətləri öz forma və hazırlanma texnikasına görə aşağı paleolitə (mustye), yuxarı paleolitə və neolitə aid edilir. Bu əmək alətləri-itiuclu alətlər, qaşovlar, qəlpələr, kəsərlər, bizlər, gəzli və uclu qaşovlar və s.
60 ildən sonra bu ərazilərdə arxeoloji qazıntılara yenidən başlanılmışdır. Belə ki, 2015-ci ilin yayında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdı. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnsitutu,Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdı. Qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərini müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilmişdir. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir və aparılan qazıntılar nəticəsində də buna nail olunmuşdur. Tapılan alətlərin müxtəlif dövrlərə aid olması göstərir ki, paleolit dövründən bu günə qədər burada uzun müddət arası kəsilmədən yaşayış məskəni olmuşdur. Bu ərazilərdə qədim insanların məskən salmalarının əsas məqsədi su ehtiyatının və qida üçün münbit şəraitin olmasıdır" - deyə o, əlavə edib.