"Ermənistan və onun beynəlxalq himayədarları məsuliyyət daşıyacaqlar" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

6 Avqust 2024 14:33 (UTC+04:00)

"Sülh müqaviləsinin imzalanmaq və bununla da Ermənistanı düşdüyü ağır durumdan çıxarmaq əvəzinə Paşinyan hakimiyyəti ölkəni silahlandırmaqla böyük güclərin bölgəni yenidən müharibəyə sürükləmək cəhdlərinə yol açır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Ermənistanın aktiv şəkildə silahlanması, öz büdcəsində 2024-cü il üçün hərbi xərcləri üst-üstə 2 milyard dollara qədər artırması da bunun bariz göstəricisidir: "Paşinyan hər nə qədər də Ermənistanın sülhə hazır olması və Azərbaycanla sülh sazişi bağlamağa siyasi iradəsinin olduğunu desə də, bu, hələ ki, bəyanatlardan o yana keçmir və daha çox siyasi manipulyasiya təsiri bağışlayır.

Rəsmi İrəvan Ermənistan maraqlarından çıxış etmək əvəzinə Qərb dairələrinin maraqlarını təmin etməyə cəhd etməklə təhlükəli oyun oynayır ki, bu da bütövlükdə Ermənistanı təhlükəyə sürükləyir. Ermənistanın Cənubi Qafqazda gedən geosiyasi proseslərə kənardan müdaxilələrə imkan yaratması ilk növbədə regional savaş təhlükəsini artırır. Bu gün Cənubi Qafqazı Qərb və Rusiya arasında savaş meydanına çevirmək cəhdindən təbii ki, bütün region ölkələri əziyyət çəkəcək. Amma bunun ən çox ziyanının da məhz Ermənistana dəyəcəyi heç kimdə şübhə yaratmır".

"Ermənistan anlamır ki, ABŞ və Avropadan gələn dəstək heç də Ermənistan sevgisindən qaynaqlanmır. Əgər Qərb, həqiqətən də, Ermənsitanın maraqlarını nəzərə alsaydı, o zaman silah və texnika təchizatı ilə revanşizmi stimullaşdırmaq əvəzinə Ermənistanın dalan dövlətdən çıxması üçün sülh sazişinin bağlanmasına və kommunikasiya xətlərinin blokadadan çıxmasına çalışardı. Biz hələ ki, bu istiqamətdə Qərbin Ermənistana hər hansı təzyiqinə şahidlik etmirik. Halbuki əgər məqsəd, həqiqətən də, Ermənistanı Rusiyanın boyunduruğundan qurtarmaqdırsa, bunun yeganə yolu Azərbaycanla sülh sazişindən və nəticədə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından keçir. Yox, əgər sülh əvəzinə Ermənistan davamlı şəkildə silah və texnika ilə təmin olunursa, bir-birinin ardınca hərbi təlimlər həyata keçirilirsə, demək ki, məqsəd yeni müharibə ocağı yaratmaq və Rusiyaya qarşı ikinci cəbhə açmağa hesablanıb.

Azərbaycan olaraq biz, təbii ki, Ermənistan üzərindən qurulan məkrli oyunlara müşahidəçi qala bilmərik. Yəni başqa sözlə havadarların kimlər olmasından asılı olmayaraq Azərbaycana qarşı təxribatların heç bir halda cavabsız qalmayacağını rəsmi İrəvan bilməli və addımlarını da ona görə atmalıdır. Əks halda Cənubi Qafqazda yaranacaq yeni savaş vəziyyətinə görə Ermənistan və onun beynəlxalq himayədarları məsuliyyət daşıyacaqlar" - deyə o, əlavə edib.