Qeysəriyyə əməliyyatı körpənin təbiətin diktə etdiyi kimi vaginal yolla deyil, uşaqlıq yolu ilə qarın boşluğu arasındakı kəsiklə dünyaya gətirilməsi prosesidir. Qeysəriyyə ilə doğuşun həyata keçirilməsi ana üçün normal doğuşun mümkün olmadığı, həmçinin ana və körpə üçün həyati risk yarana biləcəyi hallarda baş tuturdu. Ona görə "tuturdu" deyirəm ki, bu vəziyyət indi dəyişib, keysəriyyə yolunu seçən ana və həkimlər daha zorakı yox, könüllü bu yolu seçirlər. Məqsədləri fərqlidir – "zerkalni" doğuş tarixi, uşaqlıq yolunun genişlənməməsi, həkimin öz xəstəsini əldən qaçırmaması, qadınların doğuş fobiyası və s.
Tibb elmi deyir ki, qeysəriyyə fizioloji quruluşun tamamilə əksinə yönəlmiş bir əməliyyatdır. Məlumat üçün bildirək ki, uşaq yaşının 3 dövrü olur ki, bunlar bətndaxili dövr, intranatal dövr və doğuşdan sonrakı dövr adlanır. Körpə ana bətnindəki dövrü, eləcə də doğuşdan sonrakı dövrü özü yaşayır, təbii prosesə uyğun böyüyür.
Körpə bu dövləri yaşadığı kimi intranatal dövrü də təbii olaraq yaşamalıdır. İntranatal dövr doğuş prosesinin gedişi dövrü deməkdir və hər bir canlı bu dövrü yaşamalıdır. Bu proses xüsusilə insan doğulan zaman onun orqanizmi üçün çox vacibdir. Körpə ana bətnində olanda onun nəfəs yolları minimum 30-40 ml. maye ilə dolaraq tutulur. İntranatal dövr başlandığı zaman dölün orqanizmi hazırlıq prosesi keçir, uşaqlıqdan kənar sərbəst nəfəs almağı və yaşamağı öyrənir, uşaqlıq yolu ilə irəlilədikcə ananın çanağı onun ciyərlərində qalan suyu sıxaraq təmizləyir, ciyərlərin tədricən nəfəs almasına hazırlıq görür. Ana orqanizmi özü təbii yolla körpəsini həyata hazırlayır. İntranatal dövrü keçid dövrüdür və bu keçiddən keçmədən dünyaya gəlmək normal deyil. Körpəni qeysəriyyə əməliyyatı ilə kəsib birbaşa çıxaranda bu proses baş vermir və dolayısı ilə körpənin ağciyərlərində su qalır və bu da gələcəkdə tənəffüs yolu xəstəliklərinə təkan verir.
Hələ 2019-cu ildə Amerikada aparılan araşdırmaya görə, qeysəriyyə əməliyyatı ilə doğulan körpələrdə autizm riski normal doğuşlarla müqayisədə 33 faiz çoxdur. Həmçinin araşdırmada ortaya çıxan bir maraqlı məsələ də o oldu ki, əməliyyat yolu ilə doğulan uşaqlarda son illərin ən çox rastlanan problemlərindən biri olan diqqət əskikliyi riski 17 faiz yüksəkdir. Nəticələri ABŞ-ın akademik "Jama National Medical Journal"da nəşr olunan araşdırmada ümumilikdə 20 milyon doğuşla bağlı vəziyyət araşdırılıb.
Qeysəriyyə ilə doğuşa üstünlük verilməsi yalnız tibbi göstərişlərə görə olmalıdır. Körpənin normal doğuşa uyğun vəziyyətdə olmaması səbəbindən qeysəriyyə əməliyyatı olunması versiyası da son illər dünya tibbindən çıxarılır. Çünki ana qarnına kənardan müdaxilə etməklə, xüsusi masaj vasitəsi ilə təbii doğuş üçün tərs pozisiyada dayanmış körpə masaj edilməklə düzgün pozisiyaya gətirilir və təbii doğuş baş tutur. Qeysəriyyə ilə doğuş planlaşdırılan əməliyyatdır. Hər əməliyyatda olduğu kimi, bu doğuş üsulunun da riskləri var. Ona görə də qesəriyyə ilə doğuş könüllülük əsasında yox, yalnız tibbi göstərişlər əsasında təyin edilməlidir. Təəssüf ki, bizim ölkəmizdə bu seçim qadının öz ixtiyarına verilir, körpəsini dünyaya gətirmək üçün o istədiyi üsulu seçməkdə sərbəstdir. Lakin bir çox qadın qeysəriyyə əməliyyatının ana və körpə üçün mənfi təsirlərini bilmir. Bu təsirlərdən ən birincisi yazının girişində də qeyd etdiyim kimi, körpələrin intranatal dövrünü yaşamadıqlarıdır. Bütün gələcək xəstəliklərə də məhz bu dövrün əskikliyi yol açır.
Qeysəriyyə əməliyyatından sonra ananın sağalma müddəti daha uzun olur. Qarın nahiyəsində narahatlıq və ağrı yaralar sağalanadək, bəzən illər uzunu qalır. Bu səbəbdən ananın xəstəxanada qalma müddəti adətən daha uzun olur. Qeysəriyyə əməliyyatı zamanı və ya ondan sonra qanaxma riski normal doğuşdan daha yüksək olur. Qeysər kəsiyi ilə ana olmuş qadının normal doğuş keçirən anaya nisbətən infeksiyaya yoluxma riski daha yüksəkdir. Qeysəriyyə yolu ilə ən çox 3 dəfə ana olmaq olur və doğuşlar arasında müddət olmalıdır. Qeysəriyyə əməliyyatından sonra körpənin əmizdirmə və qidalanma problemləri çox olur. Ana əməliyyatla doğuş etdiyi üçün orqanizm süd istehsal etməyə gecikir və körpə süni qida ilə qidalandırılır. Doğuşun ilk saatında ana südü – molozivo əmə bilmədikləri üçün onların immun sisteminin inkişafı normal doğuşla dünyaya gələn körpələrə nisbətən zəif olur.
Qeysəriyyə ilə doğuşda ölüm riski vaginal doğuşa nisbətən daha yüksəkdir. Hər bir əməliyyatda olduğu kimi, keysəriyyə ilə doğuşda da risklər ola bilər və bəzi fəsadlar yarana bilər, qəfil vəziyyət ölüm riskini artıra bilər. Bunlardan ən təhlükəli olanlar anesteziya nəticəsində yaranan ağırlaşmalardır, digəri isə keysəriyyə əməliyyatı zamanı baş verən ciddi və həddindən artıq qanaxmadır. Qeysəriyyə əməliyyatından sonra yüksək təzyiq də ən çox rastlanan vəziyyətlərdəndir. Orqanizm normal doğuşla ana olmadığı üçün stress yaşayır və bu stress hormonal dəyişikliklər, habelə süd istehsalının ləngiməsinə səbəb olur. Bu səbəbdəndir ki, qeysəriyyə ilə dünyaya uşaq gətirən anaların uşaqları süni qidalanmaya məruz qalırlar.
Qeyd etdiyimiz kimi, qeysəriyyə ilə doğuş zamanı uşaqlığın divarı kəsilir, körpə çıxarıldıqdan sonra sonra bu kəsik tikilir. Bir çox qadında bu kəsikdən sonra toxumanın sağalması tam olmur, kəsik yerində uşaqlığın daxili divarında cib əmələ gəlir. Bu cib "qeysəriyyə çapıq defekti" adlanır. Bu vəziyyət doğuşdan dərhal sonra da baş verir, uzun müddət sonra da. Menstruasiya zamanı uşaqlıqdan xaricə çıxmalı olan qan bu cibdə toplanır və bu da səbəbsiz qanaxma, qasıq ağrısı, təkrarlanan vaginal infeksiyalar, vaginal qoxu kimi bir çox problemə səbəb olur. Bu vəziyyət uşaqlığın daxili toxumasını zədələyir, embrionun yerləşməsinə və inkişafına mane olur və beləcə qadında sonsuzluğa səbəb olur.
Normal doğuşla dünyaya gələn uşaqların immun sistemi doğuş prosesi zamanı, vaginal yolla irəlilədikcə vaginal flora ilə təmasda olur, mikroblarla tanış olur. Bu yolla körpənin immun sistemi bərkiyir, möhkəmlənir və onu doğuşdan sonrakı dövrdə gözləyən mikroblara qarşı dözümlü olur. Lakin qeysəriyyə ilə doğuş zamanı körpə steril bir mühitə doğulur, vaginal flora ilə təması olmur və mikrobları tanımır. Buna görə də də orqanizm mikroblarla tanış olacağı zaman zəif olur və bədən allergik xəstəliklər üçün münbit şərait olur.
Qeysəriyyə kəsiyindən qazanan hələ ki, klinikalar və həkimlərdir. Çünki normal doğuşa nisbətən qeysəriyyə əməliyyatı bahadır və həkim üçün rahat gəlir yeridir. Əgər bir həkim normal doğuşla uşaq dünyaya gətirdirsə bunun üçün minimum 3, maxsimum 10-12 saat xəstə ilə məşğul olmalı, doğuş prosesini izləməlidir. Lakin bu müddətə 5-7 qeysəriyyə əməliyyatı edərək həm daha çox gəlir əldə edir, həm də vaxtdan qazanır. Bu prosesdə həm udan var, həm də uduzan. Udan tərəf bəllidir, bəs uduzanlar?
Lalə Mehralı