“Qarabağ” – “Ludaqorets” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

6 Avqust 2024 13:03 (UTC+04:00)

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” komandası ilə Bakıda keçirəcəyi ilk oyun üçün satılan biletlərin sayı açıqlanıb. Ağdam təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq 25500 azarkeş bilet əldə edib.

Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, komandalar arasında baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səslənəcək. Cavab oyunu isə avqustun 13-də səfərdə təşkil olunacaq.