"Xəstələr bunu şişirdirlər" - HƏKİM AYDINLIQ GƏTİRDİ

6 Avqust 2024 12:36 (UTC+04:00)

"Qeyd edim ki, stent dediyimiz şey angioplastikadır. Yəni ürək damarlarının qapalı üsulla plastikasıdır". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib.

O bildirib ki, müxtəlif xəstəliklər, diabet fonunda damar divarlarında xolesterin deribatlarının çökməsi nəticəsində natriomalar əmələ gəlir: "Onlar damar divarını daraldır. Hər an oksigen tələb edən ürək əzələsi üçün bu, çox vacibdir. Bu daralmalar bir balaca yük olan kimi ürək əzələsinin oksigen tələbatı artır, dərhal ürəkdə ağrılar baş verir. Ona görə də belə situasiyalarda kardioloqlar angioqrafiya edir. Angioqrafiya zamanı daralmış damarlara stent qoyulur. Bir stentin yerləşdirilməsi 20-30 dəqiqə çəkir. Əməliyyatdan sonra ilk 6 saat yataq rejimi tələb olunur. Öskürmə və asqırma zamanı damar girişim yerindən ehtiyatlı olmaq lazımdır ki, təkrar qanaxma ola bilər. Palatada ilk 2 saatdan sonra yavaş-yavaş yemək yeyilə bilər.

Stent etmək əməliyyatı, angioplastika müasir təbabətin ən böyük nailiyyətlərindən biridir. Təsəvvür edin ki, bu əməliyyatdan sonra stent qoyulmuş damar əvvəlki diametrini alır. Əgər xəstə ondan sonra düzgün həyat tərzi sürərsə, xolesterini, təzyiqini normal, qanını duru saxlayarsa, qidalanmasına düzgün fikir verərsə, o, stentlə ömür boyu normal yaşaya bilir. Bu xəstəlik infaktdan, ürək dayanmalarından, vaxtından əvvəl ölümdən xilas edir. Bu baxımdan da bu, çox mühüm nailiyyətdir. Amma yalandan stent qoyma deyilən şeyə inanmıram. Xəstələr bunu şişirdirlər. Əslində boş yerə stent qoyulmaz. Hər halda xəstənin angioqrafiya göstəricisi var. Onu sabah başqa yerdə də yoxlada bilər. Ona görə də hesab edirəm ki, bu məsələyə bir az diqqətli yanaşmaq lazımdır. Stent qoyulan xəstələrin öz vəziyyətində hiss etdikləri yaxşılaşma özü bir daha bunu sübut edir".