Dünyanın ən böyük aysberqi burulğana düşüb

5 Avqust 2024 23:25 (UTC+04:00)

Dünyanın ən böyük aysberqi kimi tanınan və 30 ildən sonra aktivləşən A23a aylardır Antarktida yaxınlığındakı burulğanda fırlanır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

BBC xəbərlərinə görə, 1986-cı ildə Antarktika sahil zolağından qoparaq, Ueddell (Weddell) dənizində saya qalaraq "buz adası”na çevrilən A23a aysberqi böyük bir burulğana düşüb.

Mütəxəssislər bildirirlər ki, adətən okeanın güclü axınının aparması lazım olan aysberq aylardır Antarktidanın şimalındakı bir nöqtədə saat əqrəbinin əksinə fırlanır.

A23a-nın illərdir bu burulğandan çıxa bilməyəcəyi qeyd edilir və aysberq fırlandıqca onun əriməsinin ləngiyəcəyi bildirilir.

Qeyd edək ki, dünyanın ən böyük aysberqi kimi tanınan A23a təxminən 4 min kvadrat kilometr səth sahəsinə və 400 metr qalınlığa malikdir.