Bakıda Milli Kino Günü qeyd olunub

3 Avqust 2024 01:04 (UTC+04:00)

Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə kinonun yaranmasının 126 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, kino ictimaiyyəti nümayəndələri və film həvəskarları iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilmiş sərgi ilə tanış olublar. Sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovet dövrü bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan kinosu dünya kinosunun tarixi ilə bərabər yaranaraq paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan kinosu çoxlu eniş və yoxuş yaşayıb, müxtəlif transformasiyalara məruz qalıb. Amma həmişə öz milli ənənələrinə, yüksək mənəvi dəyərlərinə, sənət sevgisinə sadiq qalıb.

"Müasir Azərbaycan kinosunun inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Ulu Öndər kinonun bütövlükdə cəmiyyətə təsir gücünü, onun həyatın bütün sahələrinə nüfuzetmə imkanını nəzərə alaraq, həmişə bu sahəyə xüsusi diqqət göstərib. Hazırda isə Prezident İlham Əliyev tərəfindən Azərbaycan kinematoqrafiyasının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır", - deyə S.Yusifova diqqətə çatdırıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ölkəmizdə kinematoqrafiyanın inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, bu illərdə milli kino sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub, kino sahəsində çalışan sənətkarlar diqqət və qayğı ilə əhatə olunub. Ötən gün Prezident İlham Əliyev Azərbaycanın kino işçilərini təltif edib. Bu, dövlət başçımızın kino sahəsinə göstərdiyi qayğının bir nümunəsidir.

Ümummilli Lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün artıq 24 ildir qeyd olunduğunu deyən rejissor, Xalq artisti, professor Oqtay Mirqasımov kino işçilərini peşə bayramı münasibətilə təbrik edib, yeni yaradıcılıq yollarında uğurlar arzulayıb.

Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan bəhs edib, bu gün kinematoqrafiya sahəsində gözəl sənətkarlar və ustadlarımızın olduğunu bildirib. O, həmçinin ARKA-nın fəaliyyətindən də söz açıb. Qeyd edib ki, agentlik milli adət-ənənələrimizin dünyaya çatdırılmasında, cəmiyyətdə müəyyən mənəvi dəyərlərin formalaşmasında ciddi rol oynayıb.

Sonra ARKA-nın fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Tədbirdə digər çıxış edən görkəmli sənətkarlar Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışıblar.

Bildirilib ki, son illər ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması kinematoqrafiyamızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Daha sonra Azərbaycan kinosunun inkişafında xidmətlərinə görə bir qrup kino xadimi və gənc kino işçiləri mükafatlandırılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü il üçün ənənəvi mükafatına layiq görülən yaradıcı şəxslər - rejissor, prodüser Əli-Səttar Quliyev, aktyor Rasim Cəfər, prodüserlər Emil Nəcəfov və Orxan Mərdan olub.

Tədbirin davamında "Tənha insanın monoloqu" adlı psixoloji dram janrında olan qısametrajlı film nümayiş edilib. Film İkinci Qarabağ müharibəsi iştirakçısından bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramovdur. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkiliblər.