Sentyabrın 8-dən 13-dək Astanada keçiriləcək Dünya Köçəri Oyunları əsl mədəniyyət və ənənələr bayramı olmağı hədəfləyir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Dünya Köçəri Oyunlarında teatrsevərlərin paradı, Qazaxıstan Rəssamlar İttifaqının əsərlərindən ibarət sərginin keçirilməsi, etnik çadırda isə moda nümayişlərinin təşkili planlaşdırılır.
Hər gün əsas səhnədə qala-konsertlə yekunlaşan konsert proqramları olacaq. Etnik folklor ansamblları, qazax milli orkestrləri, solist və rəqs kollektivlərinin ənənəvi etnik üslubda çıxışları gözlənilir.
Etnik aulda qazax milli mətbəxi təqdim ediləcək. Təxminən 10 hektar sahəsi olan etnik aulun özü bir neçə lokasiyaya bölünür: mərkəzi meydan, milli oyunlar üçün uşaq oyun meydançası, xalq musiqisi üçün çadır, açıq hava altında köçəri sivilizasiyalar muzeyi, idman tədbirləri, milli mətbəx, əsas səhnə, regionların etnik məskun yerləri, sənətçilər və Şərq bazarı olan xüsusi şəhərcik.
Etnik aulda əsl Şərq bazarı açılacaq –iki yüzdən çox sənətkar məhsullarını təqdim edəcək. Onlar həm də milli məmulatların hazırlanması üsullarını bölüşəcək, zərgərlik məmulatları, dabbaqlıq, keramik heykəltaraşlığı üzrə ustad dərsləri keçəcəklər.
V Dünya Köçəri Oyunlarına 89 ölkədən 2 minə yaxın iştirakçının iştirak edəcəyi, 21 idman növü üzrə 97 dəst medalın oynanılacağı gözlənilir.