Azərbaycan XİN fransız müxbirin fikirlərinə münasibət bildirib

2 Avqust 2024 20:15 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Yay Olimpiya Oyunlarının açılış mərasimində "France 2" telekanalının müxbirinin ölkəmizə qarşı səsləndirdiyi qərəzli fikirlər ilə bağlı yerli medianın sualını cavablandırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat katibi bununla bağlı deyib: “Məlum olduğu kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplərə və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.

Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu, buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik.

Bu baxımdan məsuliyyət daşıyan tərəfin, ilk növbədə, Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik”.