Milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi prioritetdir - TƏHLİL

2 Avqust 2024 20:05 (UTC+04:00)

Gələcəyimizin etibarlı əllərdə olması gənc nəslin hansı ruhda tərbiyə almasından bilavasitə asılıdır. Eyni zamanda təkzib etmək olmaz ki, dövrün, zamanın hərəkətverici qüvvəsi hesab olunduğu üçün milli mənlik şüuruna sahib olan, sağlam təfəkkürlü gəncliyə hər zaman ehtiyac duyulur. Məhz bu səbəbdən də sağlam təfəkkürlü gəncliyin yetişməsinə daha çox diqqət ayrılır. Çünki gələcəyimizin təminatçısı məhz milli mənlik şüuruna sahib olan, vətənpərvərlik ruhunda tərbiyə olunan gənclik hesab olunur və dəyərlərimizə bundan sonra artıq onların sahib çıxacağına zərrə qədər də şübhə etmirik.

Canlarını fəda edən gəncliyimiz sübut etdi ki, milli maraqlarımız, ali dəyərlərimiz bizim üçün canımızdan da əzizdir

Milli maraqlarımızın, dəyərlərimizin qorunması əlbəttə ki, ən vacib məsələ olaraq qəbul olunmaqdadır və bundan sonra da, gələcəkdə də onlara sayqı ilə yanaşılması, mühafizə edilməsi gərəkir. Bunun üçün də gənclərin vətənpərvər ruhda yetişməsinə daim ehtiyac duyulur, çünki milli maraqların keşiyində məhz milli mənlik şüuruna malik olan, sağlam təfəkkürlü gənclərin duracağını yaxşı bilirik. Yaxşı bilirik ki, gənc nəsildə vətənpərvərlik hislərinin tərbiyəsi, gənclərin vətənə məhəbbət ruhunda yetişdirilməsi bizə aid olan dəyərlərin, milli maraqlarımızın gələcəkdə qorunmasını şərtləndirir. Təsadüfi deyil ki, ölkəmizdə gənc nəslin sağlam təfəkkürdə yetişməsinə, sağlam ruhda olmasına hər zaman xüsusi önəm verilir və gənclər siyasətinə dövlətimizin xüsusi yer verməsi də əbəs yerə deyil. Əlbəttə ki, dövlətimizin bu siyasəti cəmiyyətimiz tərəfindən haqlı olaraq yüksək qiymətləndirilir, çünki Azərbaycan ictimaiyyəti üçün milli maraqlar, dəyərlər hər şeydən üstün hesab olunur. Biz buna torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük müharibə dönəmində bir daha əmin olduq. Əmin olduq ki, xalqımız, cəmiyyətimiz üçün Vətən, yurd, torpaq ən yüksək dərəcədə qiymətlidir və canlarını fəda edən gəncliyimiz sübut etdi ki, milli maraqlarımız, ali dəyərlərimiz bizim üçün canımızdan da əzizdir.

Ölkəmizdə gənclər siyasətinə xüsusi diqqət yetirilməsi, gənc nəslin sağlam yetişməsi ilə bağlı görülən işlər tam məntiqi və məqsədəuyğundur

Sözsüz ki, gənc nəslin milli mənlik şüurunda, vətənpərlik ruhunda tərbiyə almasında, yetişməsində dövlətimizin, dövlət başçımızın rolu, əməyi böyükdür. “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”, deyə cənab Pezident İlham Əliyevin bəyan etməsi onu göstərir ki, dövlətimiz və dövlət başçımız gənc nəslin tərbiyəsinə, xüsusən də sağlam təfəkkürdə yetişməsinə böyük önəm verir. Ölkə rəhbərinin fikirləri həm də onu deməyə əsas verir ki, Azərbaycanda milli mənlik şüuruna malik gənc nəslin yetişməsinə olduqca həssas yanaşılır, eləcə də bilikli, savadlı, dünyagörüşlü, vətəninə, doğma Azərbaycanımıza töhfə vermək əzmində, potensialında olan vətənpərvər gəncliyin formalaşması hər zaman prioritet hesab olunur və göstərilən qayğı da bu baxımdan başadüşüləndir. Eyni zamanda, ölkəmizdə gənclər siyasətinə xüsusi diqqət yetirilməsi, eləcə də gənc nəslin sağlam yetişməsi ilə bağlı görülən işlər tam məntiqi və məqsədəuyğun olmaqla anlaşılandır. Məhz həmin gənclər siyasətinin, düzgün aparılan siyasətin, gənc nəslin sağlam yetişməsinin, milli ruhda, vətənpərvərlik ruhunda formalaşmasının nə demək olduğunu 44 günlük müharibədə biz də gördük, dünya ictimaiyyəti də müşahidə etdi. Bəlli oldu ki, həqiqətən də ölkəmizdə gənclər siyasəti tamamilə düzgün istiqamət götürüb və bizim öz gəncliyimizlə qürur duymağa haqqımız çatır. Məhz sağlam ruhda, milli və vətənpərvərlik ruhunda tərbiyə alan, yetişən gəncliyin xalqımıza məxsus dəyərlərə necə sahib çıxdığını görmək bizim hamımız üçün fəxarət deməkdir və aparılan düzgün siyasət, məqsədyönlü gənclər siyasətinin onu deməyə əminlik yaradır ki, gələcəkdə də öz gəncliyimizlə qürur duya bilərik. Çünki əminik ki, sağlam yetişən, milli mənlik şüurunda, vətənpərvərlik ruhunda tərbiyə alan gənclik bizim üçün gələcəyin təminatı, dəyərlərimizin qorunması deməkdir.

Vətəndaşlıq borcunun layiqincə dərk edilməsi elə milli mənlik şüuru, vətənpərvərlik hissi deməkdir və ən böyük məsuliyyət hissidir

Vətəndaşlıq borcu dedikdə, vətəni sevmək, vətəni qorumaq, onu mühafizə etmək, vətən üçün əlindən gələni əsirgəməmək başa düşülür. Məhz vətəndaşlıq borcunun daha üstün şəkildə, layiqincə dərk edilməsi elə milli mənlik şüuru, vətənpərvərlik hissi deməkdir və bunun ən böyük məsuliyyət hissi olduğu da bəllidir. Müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün, vətənin hər qarış torpağının keşiyində durmaq, onu qorumaq vətənpərvərlik hissidir və milli mənlik şüurunun əsasını təşkil edən bu hiss torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gənclərimizin fədakarcasına döyüşdüyündə özünü bir daha biruzə vermiş oldu. Məhz 44 günlük Vətən müharibəsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakarcasına döyüşən, canını, qanını əsirgəməyən Azərbaycan gəncliyində milli mənlik şüurunun, vətənpərvərlik hissinin hansı dərəcədə, hansı səviyyədə olduğuna, hamı, ümumiyyətlə, bütün dünya şahid oldu. Nəzərə almaq lazımdır ki, bundan sonra da ərazi bütövlüyümüzün, suverenliyimizin qorunması məsuliyyəti ən çox Azərbaycan gənclərinin üzərinə düşür, deməli, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi hər zamankı kimi prioritetdir.

Müəllif: İnam Hacıyev

6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.