İsrail Ordusu “Həmas” Siyasi Bürosunun sədri İsmayıl Həniyənin öldürüldüyü gecə Livanda “Hizbullah”ın yüksək səviyyəli komandiri Fuad Şükürü hədəfdən başqa, Yaxın Şərqin heç bir bölgəsinə hücum etmədiklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, ordunun sözçüsü Daniel Həcəri mətbuat konfransında deyib: “İyulun 30-dan 31-nə keçən gecə və səhər saatlarında yalnız Livanın paytaxtı Beyrutda hücum həyata keçirdik.
Həniyənin öldürülməsinin arxasında İsrail ordusu deyil.
30 iyulda Livanı vurduq və dəqiq hava zərbəsi ilə “Hizbullah”ın komandiri Fuad Şükürü öldürdük. O gecə bütün Yaxın Şərqdə başqa İsrail tərəfindən hava, raket, pilotsuz uçan aparatı hücumu olmayıb”.
Xatırladaq ki, İsrail ordusunun iyulun 30-da Livanın paytaxtı Beyrutda törətdiyi hava hücumunda “Hizbullah”ın yüksək rütbəli komandirlərindən olan Fuad Şükür ölüb. Bu hücumdan bir neçə saat sonra İranın paytaxtı Tehranda “Həmas”ın başçısı İsmayıl Həniyə qətl edilib.
İran və “Həmas” Həniyənin öldürülməsinin arxasında İsrailin olduğunu bildirir. Rəsmi Təl-Əviv isə bu məsələyə münasibət bildirməkdən çəkinir.