Namizədlikləri qeyd alınmayanların demaqoqluq etmələri onların təsir altında olmalarından irəli gəlir
Seçkiyə qatılmaq yaxşı haldır, təbii ki, gücün və imkanın ola. Əgər gücün və dəstəyin yoxdursa meydana girmək və "mən də gəldim" demək yanlışlıqdır. Təəssüflər olsun ki, elə şəxslər var ki, seçkiyə niyə gedir, hədəfi və məqsədi nədən ibarətdir, seçki platforması varmı, insanlarla təmas qura və seçki platformasını onların diqqətinə çatdıra biləcəkmi? Bu vacib şərtləri çoxluq bilmir. Sadəcə, cibində 5-10 manat pulu və məhləsində bir neçə dost-tanışı var və bununla düşünür ki, seçkiyə qatılıb nəyəsə nail ola bilər. Elə şəxslər də var ki, sosial şəbəkələrdə canlı yayımlar açır, müxtəlif düşük, abırsız hərəkətlər etməklə, özünə like qazanır və o da hesab edir ki, artıq deputatlığa namizədliyini irəli sürə bilər. Əsaslı olaraq namizədliyi qeydə alınmayan da yenə də sosial şəbəkələrə çıxıb müxtəlif iyrənc pozalar verir, hay-küy salıb, demaqoqluq edir. Xüsusilə də, özünü psixoloq, politoloq, siyasi şərhçi olaraq cəmiyyətə sırımağa çalışan üzləri qara olmuşlar var ki, bütün günü sosial şəbəkələrdə deputatlığa namizədliklərinin qeydə alınmamasından gileylənir, böhtanlar səsləndirir, yalanlar söyləyirlər. Sanki bunlar böyük zaddılar və seçki marafonuna qoşulsalardı dağı dağ üstə qoyacaq, böyük səs çoxluğu qazanıb, deputat seçiləcəklərmiş. Bu yerdə deyiblər dağılasan a dünya, gör nə biabırçı ünsürlərin əndərəbadi davranışları ilə rastlaşmalı olduq. O gün bir diş təmizləyən sosial şəbəkə istifadəçisi yazıb ki, Dairə Seçki Komissiyası bilərəkdən onun namizədliyini qeyd almayıb. Sonra da özünün bahalı və tanınmış şəxs olmasından bəhs edir. Yazır ki, onu məhəllənin iti, küçənin yiyəsiz pişiyi, tində dayanıb siqaret üfürən, sosial şəbəkədə qurcalanan məxluqlar yaxşı tanıyırlar. Guya həmin kateqoriyadan olanlar, onu görəndə deyirlərmiş ki, "kaş siz bizim deputatımız olasınız". Əminliklə demək olar ki, onun bu sözlərini oxuyanlar başlarını bulayıb gülürlər.
Sənətə, peşəyə görə seçici səsi qazanmaq mümkün olsa idi...
Əgər sənətə, peşəyə görə seçici səsi qazanmaq mümkün olsa idi müəllimlər, musiqiçilər, xüsusilə də müğənnilər, TV aparıcıları, qəsəbənin, kəndin ağsaqqalları daha tanınmışdılar və onların yəqin ki, insanların dəstəyini qazanmaqda problemləri olmaz. Aygün, Roya, Nadir Qafarzadə, Manaf Ağayev, Ədalət Şükürov və digər şou əhlinin nümayəndələri bir neçə mahnı oxumaqla rekord qıra bilərlər. Ona görə də, xatırlatmaq üçün qeyd etmək lazımdır ki, seçkilər çətin və ağır prosesdir. Necə deyərlər, hər adamın bacara biləcəyi bir proses deyil. Bəli, qanun hər kəsə seçkilərdə şansını yoxlamağa imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin birinci bəndində deyilir: "Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır". Yəni, seçki prosesinə qoşulmaq üçün heç bir çətinlik və ya əngəllər yoxdur. Yetər ki, qaydalara və qanunlara əməl edilsin. Lakin çoxları qanunları bilmədiyindən səhvlərə yol verir və nəticədə DSK-lar onların namizədliklərini qeydə almaqdan imtina edirlər. Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız SM-nin 54.1-54.7-ci maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulması ola bilər. Əgər sənədlərdəki səhvlər və pozuntular siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi 5 gün müddətində bu haqda xəbərdar edir və müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir. Bütün namizədlər qanunvericiliyə görə bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. SM-nə görə, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Minimal hədd azı 450 imza göstərildiyi halda, maksimal hədd nəzərdə tutulmamışdır. Eyni zamanda, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müraciət edən şəxslərə veriləcək imza vərəqələrinin sayına heç bir məhdudiyyət qoyulmur. SM-nin 57.1-ci maddəsinə əsasən, imza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. İmza vərəqələri SM-nin müvafiq əlavələrinə uyğun hazırlanmalı, imzaların toplanması zamanı məcəllənin 57.4 və 57.8-ci maddələrinin tələblərinə ciddi əməl edilməlidir. Yadda saxlanılmalıdır ki, seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərməlidir. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilərkən nömrələnməli və qovluq formasında səhifələnməlidir. İmza vərəqəsi imza toplandıqdan sonra imza toplayan şəxs və namizəd tərəfindən imzalanmalıdır ki, bu da imza vərəqələrinin düzgünlüyünün yoxlanılması prosesində nəzərə alınan əsas şərtlərdən biridir. Bundan əlavə, imza qoymazdan əvvəl fərdi qaydada imza toplayan şəxs imza vərəqəsində soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərməlidir.
İndiki hay-küyçülərin də danqıltıları keçib gedəcək
Seçki Məcəlləsinə görə, namizədin qeydə alınması üçün müvafiq sənədlərlə birlikdə namizədin ilkin maliyyə hesabatı da təqdim edilməlidir. Ümumiyyətlə, hər bir namizəd seçki marafonuna qoşulduğu andan və seçkilərin nəticələri elan olunana qədər 3 dəfə maliyyə hesabatı verir. Yoxlanılma proseduru zamanı əsas mərhələlərdən biri də imzaların yoxlanılmasıdır. Seçki təcrübəsinin təhlili göstərir ki, imzaların yoxlanılması proseduru ən çox mübahisə doğuran problemlərdən biridir. Belə ki, imzaların konkret şəxs tərəfindən icra olunduğunu müəyyən etmək üçün ekspertin ixtiyarında həmin şəxsin imza nümunələri olmalıdır. Məhz ona görə də imza vərəqələri yoxlanılarkən ekspertin qarşısında imzaların konkret şəxs tərəfindən qoyulması sualı deyil, həmin imza vərəqələrində bir şəxsin bir neçə şəxsin adından imza etməsinin müəyyən edilməsi sualı durur. Yəni, burada imzaların fərdi eyniləşdirilməsi aparılmır, onların öz aralarında müqayisəsi aparılır ki, bu da xətşünaslıq ekspertizasının predmetinə aid olan suallardan biridir.
Bir sözlə, nəzərdə tutulan prosedurlar qanunlara söykənir. Hər hansı bir yanlışlıq qanun pozuntusu olaraq qiymətləndirilir və müvafiq qərar qəbul edilir. Elə açıq fikirli, özünə hörmət göstərən şəxslər var ki, onlar namizədliklərini irəli sürür, lakin sənədlərin araşdırılması zamanı qüsurların olduğu aşkarlanır və namizədliyi qeydə alınmır. Şəxs qərarı anlayışla qarşılayır və sakit şəkildə kənara çəkilir. Müəyyən qüvvələrin təsiri altında olan və ya özü haqqında yüksək fikrə düşən şəxslər isə fərqli yol tuturlar. Qeyd etdiyim kimi, hay-küy qaldırıb, boşboğazlıq edir və hansı əxlaqın, mənəviyyatın sahibi olduqlarını göstərirlər. Belələri təbii ki, hər zaman olub. Ona görə də, indiki hay-küyçülərin də danqıltıları keçib gedəcək. Əsas odur ki, yolumuz qələbələrə gedən yoldur. Sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri azad və demokratik şəkildə baş tutacaq və müstəqil Azərbaycanın tarixinə növbəti zəfər seçkilərindən biri olaraq yazılacaq.
İLHAM ƏLİYEV