"Son dövrlərdə Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe Qərb və Avropa dairələrinə arxalanaraq ciddi şəkildə silahlanma, bölgədə yeni müharibə ocağının yaradılması istiqamətində atılan addımlar deməyə əsas verir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, Ermənistan, bəlkə də, bu müqaviləni imzalamaq istəsə belə, onu Qərb dairələri sülhdən uzaqlaşdırır: "Ermənistan məcbur edilir ki, Cənubi Qafqazda gərginlik daimi, uzunmüddətli olsun. Bölgəmizdə sülh və əmin-amanlıq bərqərar olmasın. Bunun üçün də Ermənistana təzyiqlər olunur, Ermənistan havadarları vasitəsilə sülhdən uzaqlaşdırılır, bu da Cənubi Qafqaz bölgəsi üçün çox ciddi təhdidlər yaradır".
"Bölgəmizdə sülhün və təhlükəsizliyin əldə olunması, Ermənistanın Azərbaycan və Türkiyə, bölgə ölkələri ilə münasibətlərinin normallaşması istiqamətində həyata keçirdiyi bu cür qeyri-sağlam siyasət böyük təəssüf doğurur. Hesab edirəm ki, hazırda Ermənistan sülh üçün heç bir əməli addım atmır. Baxmayaraq ki, Azərbaycan dəfələrlə Ermənistanı sülhə dəvət edir, sülhə məcbur edir. İkitərəfli danışıqlar, heç bir vasitəçinin olmadığı danışıqlarda biz müəyyən qədər irəliləyişlər əldə etmişik. Sərhədlərin delimitasiya və demarkasiyası prosesi istiqamətində uğurlar qazanılıb. Bundan sonra da biz Azərbaycan dövlətinin qətiyyətli və birmənalı siyasətinin şahidi olacağıq. Əminəm ki, Ermənistan sülh istiqamətində konkret olaraq konstruktiv mövqesini ortaya qoyacaq, Azərbaycanla sülh müqaviləsi imzalayacaq. Ancaq nə vaxt olacağını demək çox çətindir. Ona görə çətindir ki, Ermənistan son 30 ildə daim bu cür riyakar və birmənalı olmayan siyasət həyata keçirib. Ermənistan işğalçılıq siyasəti həyata keçirir, qonşulara qarşı ərazi iddiaları siyasəti Ermənistanın dövlət siyasətidir. Bu istiqamətdə də Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Ermənistan konstitusiyasında dəyişikliklər olmalıdır, bu ərazi iddiaları aradan qaldırılandan sonra sülh müqaviləsinin imzalanmasından danışa bilərik" - deyə o, əlavə edib.