“Hazırda Azərbaycana ən qərəzli niyyət nümayiş etdirən Avropa təşkilatları, parlamenti və Avropa Şurasının Parlament Assambleyasıdır. Azərbaycan seçkini müşahidə etmək üçün bir sıra beynəlxalq parlament qurumlarını dəvət edib. O cümlədən də ATƏT-in Demokratik təsisatlar və insan haqları bürosu da Azərbaycanda seçki monitorinqinə dəvət olunublar. Əlbəttə, Demokratik təsisatlar və insan haqları institutu da dəfələrlə Azərbaycana reallıqlara uyğun olmayan münasibət nümayiş etdirib. Bu gəliş Azərbaycanın iradəsi çərçivəsindədir. Çünki ATƏT Azərbaycan tərəfindən seçkiyə dəvət olunub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, ATƏT-dən tam obyektivlik gözləmək çətin olsa da, institutun seçki prosesinə hansı münasibət sərgiləyəcəyi maraqlıdır: “Çünki Azərbaycanın artıq özünün formalaşmış seçki modeli var və kənar müşahidəçilərin hər hansı dəyişiklik yaratmaq imkanı yoxdur. Belə şəraitdə ATƏT-in institutu özünün hər hansı reaksiyası ilə ölkədəki seçki modelini dəyişmək hədəfəni məqsədləyə bilməz. Bu modeli Azərbaycan dövləti və Azərbaycan cəmiyyətinin baxışlarına uyğun formalaşdırmışıq. Lakin ATƏT institutunun hər hansı yanaşması onun özünün ölkəmizdəki nüfuzuna, mövqeyinə və reytinqinə bu və ya digər dərəcədə təsir göstərə bilər. Onsuz da ATƏT-in imici zədəlidir. Çünki otuz illik müharibənin dayandırılması və Azərbaycanın təcavüzdən müdafiəsi məsələsində ATƏT çox cinayətkar lənglik mövqeyi nümayiş etdirdi. Buna görə də ATƏT-in özünə bir təşkilat olaraq Azərbaycanda böyük hörmət yoxdur”.