“AzerGold” QSC Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən “Şorbulaq” filiz təzahürləri sahəsində axtarış-qiymətləndirmə işlərinə başlayıb. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, məqsəd mövcud təzahürlərin ilkin ehtiyatlarının qiymətləndirilməsidir.
Axtarış-kəşfiyyat proqramına əsasən, burada ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılıb. Perspektivli zonaların qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi məqsədilə tədqiqatlarda qeyri-invaziv axtarış metodlarından olan hiperspektral peyk çəkilişlərindən istifadə edilir. Paralel olaraq arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması işləri də icra olunub. Cari il ərzində davam edəcək genişmiqyaslı axtarış-qiymətləndirmə işlərinin nəticəsinə uyğun olaraq növbəti tədqiqat mərhələsinə keçid, sahədə buruqqazma işləri ilə bağlı müvafiq qərarlar qəbul ediləcəkdir.
“Şorbulaq” təzahür sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu olan Levçay çayının hövzəsində yerləşir. Təzahür sahəsində qızıl, xrom və civə metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib.
“AzerGold” geoloji tədqiqatları hazırda bir neçə istiqamət üzrə aparır. Qurumun idarəetməsinə verilən filiz sahələri ilə yanaşı, ölkə Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkədə ümumi geoloji axtarış işlərinin icrası davam etdirilir. Həmçinin “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi vacib tapşırıqlar icra edilməkdədir.