Təzə ev almaq, yeni tikilidə yaşamaq hər bir insanın arzusudur. Xüsusilə iyirmi birinci əsrin bu günlərində bu arzu daha başadüşüləndir. İnternet əsrinin insanı üçün sovetdən qalma “xruşşovkalar”da, “Minsk”, “Leninqrad”, “Kiyev” tipli köhnə mənzillərdə yaşamaq daha prestij sayılmır. Sadaladığım bu evlərin ömrü də sovetin ömrü kimi çoxdan başa çatıb və hər kəs yeni tikililərdə rahat yaşamaq istəyindədir. İndi “novostroyka” deyilən yeni tikili binada ev sahibi olmaq həm də prestij sayılır bir baxımdan. Amma... amma bu yeni tikili məsələsində də əliəyrilik faizi kəllə çarxa çıxıb.
Həm Mənzil Tikinti Kooperativləri (MTK) mənzillərin kvadrat hesablamasında əhaliyə qarşı dələduzluq edirlər, həm də qanunsuz “komendant pulu” yığımı ilə açıq-aydın cinayət əməli törədirlər. Bina sakinləri ilə heç bir xidmət müqaviləsi olmadan özlərindən elə “xidmət haqqı” müəyyənləşdirirlər ki, gözlər kəlləyə çıxır. Bunlara bu haqqı kim verib axı? Digər bir baxımdan, müqavilə ilə MTK-lardan alınan mənzillərin kvadratında əhaliyə qarşı açıq-aşkar cinayət edilir. Hər mənzildən ən azı 7-10 kvadrat metr kəsir olur. Müqavilə ilə alınan mənzillər çöldən-çölə hesablanır. Məsələn, müqavilədə yazılan 61 kvadratlıq mənzil sahəsi sonra kupça alınan zaman 50 kvadrata qədər azalır. Demək, MTK-lar hələ 1 otaqlı, az kvadratlı evlərdən gör əhaliyə neçə kvadrat kələk gəlirlər və neçə milyonlar qazanırlar.
Fikir verin: hətta bəzi MTK sahibləri "bir az da uzağa gedərək" hər evin kvadratmetri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin edirlər. Bu isə o deməkdir ki, 130 kvadratmetrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın "kommunal pulu" ödəməlidir. Əsalandırılması mümkün olmayan ödəniş məbləğidir. Əvvəlla, ortaya belə bir sual çıxır ki, MTK-lar bu məbləğdə ödəniş tələb edə bilərlərmi? Qanunvericilik nə deyir? Birmənalı şəkildə, MTK sahibləri "havadan götürülmüş rəqəmlərə" söykənib aylıq ödəniş tələb edə bilməzlər. Amma fakt odur tələb edirlər. Əslində isə, MTK sahibləri ayrıca, yəni sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, "kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.”
Elə həmin məcəlləyə əsasən, "yeni binalarda daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir".
Bu isə o deməkdir ki, bina istifadəyə verildikdən 6 ay sonra idarəetmədə həmin tikilidəki mənzil sahibləri də iştirak etməlidirlər. Təəssüf ki, bu qaydalar təhvil alınmış, yəni dövlət qeydiyyatı olan binalara aid hesab edildiyindən, "kupçasız binalar" bu şərtləri çox əksər hallarda pozurlar. Elə kupçalı binalarda da həmin vəziyyətdir. “Novostroyka”dırsa, vəssalam! Daha konkret, aylıq ödənişlərə gəldikdə isə, mövcud qanunvericiliyə əsasən, dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən müəyyən olunur. Yəni, MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər.
Amma bugünkü reallıq ondan ibarətdir ki, MTK-lar aylıq ödənişi bahalaşdıranda heç sakinlərin fikrinə də ehtiyac duymurlar. Digər bir baxımdan, yeni tikililərdə, hətta “kupçalı” binalarda işıq pulunu MTK-lar özləri “yazırlar”. Komendant sakinin işıq sayğacını özü “yoxlayır”, məbləği də özü yazıb sakinə təqdim edir. Niyə??? Bəli, vəziyyət belədir: əhaliyə verilən enerji əhali qrupu üçün deyil, sırf hüquqi şəxslər, yəni qeyri əhali qrupu üçün hesablanan enerjidir. Əhalinin sərf etdiyi elektrik enerjisinin qiyməti də qeyri əhali qrupu üzrə hesablanır. MTK-lar bununla həm öz xərclərini ödəyir, həm də əhali hesabına varlanırlar.
Və gələk sona. Bəs aidiyyatı qurumların bütün bunlardan xəbəri varmı? – mümkün deyil ki, olmasın. Bəs nədən tədbir görmürlər, MTK-ların bu cür cinayət dolu fırıldaqçılıq əməllərinə niyə göz yumulur? Bu da cavabsız, amma sətiraltı cavabı bəlli olan suallardan biri...
Mətləb Salahov