"Namaz Allah-təalanın xatırlanmasıdır. Günahların bağışlanma səbəbi, insanların mənəvi varlığının, ruhunun vaksini, günahlar qarşısında immunitetidir". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.
O bildirib ki, insan namaz qılanda onda Allah-təala ilə danışmaq məşqi, danışmaq adəti yaranır: "Namaz qılmayan insan nə qədər özünü Allah adamı hesab etsə də, sürətlə Allahdan uzaqlaşır. Vicdanı ilə özü hiss edir, amma boynuna almaq istəmir. Çünki insan günahkarlıq duyğusundan qorxur. Ən qatı cinayətkara da "sən cinayətkarsan" desən, qəbul etmir. Namaz qılmayan da heç cür qəbul edə bilmir ki, günahkardır. Deyir ki, "mənim qəlbim təmizdir, baxma, namaz qılmıram". Amma özü də vicdanı ilə baxanda görür ki, Allah ilə danışmaqdan çəkinir, uzaqlaşır. Özünü Allahın qarşısında həmişə günahkar hiss edir.
Namaz nəfəs almaq kimi bir şeydir. Nəfəs almaq, oksigen qəbul etmək cisim üçün nədirsə, namaz da ruh üçün elədir. Peyğəmbər Sallallahu Aleyhi Valeh buyurub ki, "kim gündə beş dəfə yuyunsa, təmiz olarsa, gündə beş namaz da ruh üçün o xarakteri daşıyır". Odur ki, namaz Allah-təalanın hamıdan həmişəlik tələbidir. Qiyamətdə də namaz ilə insanın insanlığı ölçüləcək. Allah həm bizi, həm də dünyanı, hər şeyi yaradandır. Bircə tələbi var ki, namazı ötürməyək. Biz bunu da müzakirə obyekti etsək, bir növ təkəbbür olur. Allah bu qədər nemətin müqabilində bircə şey istəyir, biz onu çək-çevirə salırıq. Ona görə də gərək namazı ötürməyək".
"Namazda xanımların örtünməsi məsələsinə gəldikdə, Allah ədəb tələb edir. Söhbət məhrəm olub-olmamaqdan getmir. Onsuz da, Allah bizim nəinki varlığımıza məhrəmdir, bizim daxili orqanlarımızı da bir-bir yaradıb, hər saniyə təmin edir. Bizim bütün hüceyrələrimizin ehtiyaclarını Allah hər saniyə təmin edir. Bizim öz daxili aləmimizdən, bioloji varlığımızdan xəbərimiz yoxdur. Aynada zahirimizi görürük. Hər şeyi Allah bilir, yaradır, təmin edir, amma formal qanunlar qoyub ki, "ədəbli olun, mənim dediyim olsun". Ona görə də Allahın bəzi hökmlərinin hikmətlərini bilməsək də, əməl etməliyik. Bu məsələ diqqətlə araşdırılmalıdır ki, qəbul edə bilmiriksə, başa düşməliyik ki, bizim ağlımız etalon deyil. Aləm bizim başa düşüb-düşməməyimizlə idarə olunmur. Bu, elmi lovğalıqdır. İnsanda belə bir təxəyyül var ki, nəyi qəbul edirsə, o, düzdür. Bu, elmi təkəbbürdür. Çox şeylər var ki, hikmətini bilmirik, amma əməl edirik. Biz bunu araşdırmalıyıq, amma nəticə almamışıqsa, demək deyil ki, inkar etməliyik. Allah Quranda buyurur, "çox şey var ki, siz xoşlayırsınız, amma sizə zərərdir, çox şeylər var ki, siz onu zahirən zərərli hesab edirsiniz, amma sizə xeyirdir". Allahın əmirlərindən başa düşdüyümüzü qəbul etməliyik, başa düşmədiyimizə də iman gətirməliyik. Allah bir şey bilir ki, vacib edib. Hər şey bizim ağlımızla ölçülmür. Allah nəyi əmr edibsə, nəsə bilir ki, əmr edib" - deyə o, əlavə edib.