"Dünya nizamı dəyişilir. Bu baxımdan dünya siyasətini həyata keçirən beynəlxalq təşkilatlarda islahatlar aprılmalıdır. O cümlədən zaman yeni güc mərkəzlərinin formalaşmasını da labüd edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Deputat bildirib ki, yeni güc mərkəzləri əsasən bir-birinə yaxın dövlətlərin birləşməsi, vahid mövqedən çıxış etməsi ilə yeni dünya nizamında özünəməxsus yerini tutur: "Belə ki, Türk Dövlətləri Təşkilatı yeni dünya nizamında özünə məxsus yeri və gücünə malik yeni bir güc kimi meydana gəlməkdədir. TDT-yə üzv olmaq istəyən ölkələrin sayı artmaqdadır".
Onun sözlərinə görə, TDT siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığını genişləndirir: "Dövlətlərimiz arasında imzalanmış birgə sənədlər TDT-nin gələcəyinə yeni perspektivlər verir. Bu, Böyük Turan kimi yenidən formalaşmaqdadır. Dünyanın ayrı-ayrı regionlarında yerləşən ölkələrə diqqət yetirsək, görərik ki, həmin regionlarda iqtisadiyyatlar, əhalinin sayı azalmaqdadır. Amma TDT-də birləşən dövlətlərdə isə iqtisadi, hərbi və demokrafik artım baş verir. Bu, yeni bir gücün meydana gəlməsidir. Ona görə də regionda yerləşən güclü dövlətlər də TDT-yə üzv olmaq istəyir. Təbii ki, TDT-nin güclənməsi beynəlxalq gücləri narahat etməyə bilməz. Çünki, bir dövlət tək olanda ona təzyiq etmək daha rahat olur. Amma TDT kimi böyük birlikdə birləşməyimiz yumruğumuzun gücünü artırır və sözümüzün kəsəri yüksəlir. Bu baxımdan TDT-nin güclənməsinə həmin dairələr qarşıdır. Amma TDT-nin daha da güclənməsi və təşkilatlanması labüd məsələdir. Yerləşdiyimiz region, ümummilli maraqlarımız, mədəniyyətlərimiz, soy köklərinin və dilinin eyni olması bunu tələb edir. Bu baxımdan TDT-ni qəbul etmək istəməyən dairələr də bu təşkilatı yeni bir güc kimi qəbul etməyə məcburdurlar. Çünki, TDT-siz regionda hər hansı bir istəyi reallaşdırmaq mümkün olmayacaq. Bu baxımdan Turan birliyinin gələcəyinin çox parlaq olacağını hesab edirəm".