Fransanın əl çəkmədiyi MÜSTƏMLƏKƏÇİLİK ƏNƏNƏSİ - TƏHLİL

31 İyul 2024 19:24 (UTC+04:00)

Fransa müstəmləkə sistemini qoruyub saxlamaq niyyəti və cəhdi ilə hətta bütün dünyanı belə nüvə müharibəsinə sürükləməyə hazırdır. Rəsmi Parisin hazırda apardığı siyasət deyilənləri təsdiq edir. Təsdiq edir ki, Fransa heç də öz müstəmləkə siyasətindən əl çəkmək niyyətində deyil və həmin siyasəti bundan sonra da davam etdirmək məqsədi göz önündədir.

Paris hansısa bəhanə ilə yenə də özünün müstəmləkəçilik siyasətini davam etdirmək qərarına gəlib

Diqqətə çatdıraq ki, Fransa silahlı qüvvələrinin yeni strukturu olan Afrika Komandanlığı 2024-cü il avqustun 1-də fəaliyyətə başlayacaq. Həmin yeni struktur guya “Rus təsirinin Afrikada yayılmasının qarşısını almaq” məqsədi ilə yaradılır. Halbuki, belə bir məqsədin bəyan edilməsi əslində, bir bəhanədir. Fransa birinci dəfə deyil ki, hansısa bəhanə ilə istədiyinə nail olmağa çalışır. Butün bunlar onu deməyə əsas verir ki, istənilən halda belə bir fikir formalaşdırmaq heç də səbəbsiz və əbəs yerə deyil. Görünən odur ki, rəsmi Paris hansısa bəhanə ilə yenə də özünün müstəmləkəçilik siyasətini davam etdirmək qərarına gəlib. Beşinci Respublikanın artıq Qabon, Seneqal, Kot-d'İvuar, Çad və Cibutidəki bölmələrinin komandanlığın nəzarətinə verilməsi planlaşdırılır. Bir sözlə, müstəmləkə sistemini qoruyub saxlamaqda Fransanın necə israrlı olduğu artıq özünü göstərir.

Fransa tarix boyu kolonial, müstəmləkəçilik siyasəti yürütməkdə maraqlı olub

Tarixə ekskursiya etdikdə görürük ki, Fransa hər zaman kolonial, müstəmləkəçilik siyasəti yürütməkdə maraqlı olub və buna nail olub da. Məlumat üçün qeyd edək ki, 20-ci əsrin birinci yarısında ingilislərdən sonra dünyada ikinci böyük müstəmləkə imperiyası sayılıb. İkinci Dünya Müharibəsinin əvvəlində, metropolis də daxil olmaqla, onun sahəsi 13,5 milyon kvadrat kilometr olub. Müqaisə üçün nəzərə çatdıraq ki, bu, yer kürəsinin 9%-ni təşkil edib. Eyni zamanda onu da xatırladaq ki, koloniyaların əksəriyyəti Qərbi və Mərkəzi Afrikada yerləşib, burada fransızlar qitənin təxminən 40%-nə sahib idilər.

Bildiyimiz kimi, ikinci Dünya Müharibəsi zamanı Fransa Almaniyaya məğlub olub və bir neçə il Hitlerin nəzarəti altında qalıb. Sözsüz ki, həmin dövrdə fransız müstəmləkələri öz başlarına buraxılıb. Onların bəziləri müstəqillik elan edərək, bundan tez istifadə ediblər. Nəticədə, 1957-ci ilə qədər metropolis də daxil olmaqla, Fransanın “mülkləri” 10,59 milyon kvadrat kilometrə qədər azalıb. Qalan müstəmləkələrdə isə müstəqillik hərəkatı genişlənib. Bildiyimiz kimi, sonra da Fransa hökuməti dırnaqarası “müstəmləkə siyasəti üzrə mütəxəssis” olan Jak Fokartın “xidmətlərinə” müraciət edib. Yada salaq ki, bu iş adamı Afrika koloniyaları ilə ixrac-idxal əməliyyatlarında ixtisaslaşmış hesab olunub. İkinci Dünya Müharibəsi illərində o, nasistlərlə sıx əməkdaşlıq edib, onları kömür və taxta ilə təmin edib. Lakin 1943-cü ildə dələduzluq edərkən yaxalanıb və qısa müddət həbsxanada saxlanılıb. Bunun sayəsində müharibədən sonra özünü “nasizmin qurbanı” kimi göstərə bilib və bu statusla da siyasətə qədəm qoyub. Beləliklə də Şarl de Qollun ən etibarlı adamları dairəsinə daxil olan Fokart, general hakimiyyətə gəldikdən sonra xüsusi xidmət orqanlarının kuratoru olub. Sonra da "Franzafrica"​​layihəsini təklif edib. Fokartın fikrincə, müstəmləkələrin resursları olmadan Fransa dünyanın aparıcı iqtisadiyyatı statusunu və bununla da siyasi çəkisini itirər. Vurğulamaq yerinə düşərdi ki, həmin “iş adamı” afrikalıları Parisin ən qiymətli sərvəti hesab edirdi. Fokarta görə afrikalılar nəinki nəhəng faydalı qazıntı ehtiyatlarına sahib idilər, onlar həm də əlverişli coğrafi mövqeyə malik sayılırdılar. O, nəzərə alırdı ki, afrikalılar metropolisə yaxın idilər. Bundan əlavə, Fokart inanırdı ki, "geri qalma" səbəbindən yerli əhali asanlıqla manipulyasiya edilə bilər. Buna görə də Afrika müstəmləkələrinə de-fakto protektorat tətbiq edərək, formal “müstəqillik” verilməsi təklif edildi və hətta İngiltərənin dominionlarla münasibətlərini nümunə götürmək də onun tərəfindən tövsiyə olundu.

Beşinci Respublika afrikalılara qarşı hər zaman bütün mümkün pisliklərə əl atıb, soyqırımlar edib və qalanlarını da “soyub

Heç şübhəsiz ki, Fransa tərəfindən əsl soyqırım törədildiyindən də xəbərsiz olan tapılmaz. Bəli, sözün əsl mənasında fransızlar tərəfindən soyqırım törədildi. Məsələn, bunun, fransızların törətdikləri soyqırımın bariz nümunəsindən biri də Əlcəzairdir. Beləki, 1954-1962-ci illərdə bu ölkəyə qarşı müharibəyə başlanıldı və bu müharibə zamanı fransızlar 11 milyon əhalinin 1,5 milyonunu öldürdülər. Qansızcasına soyqırım törətdilər. Digərlərinə qarşı da sanksiyalar tətbiq edildi. Nümunə üçün Qvineyanı göstərə bilərik. Prezident de Qoll bütün texniki mütəxəssislərin geri çağırılmasını, arxivlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar üçün avadanlıqlar, dərman ləvazimatları və hətta mal-qara daxil olmaqla bütün “qiymətli materialların” yığışdırılmasını əmr etməsi şəraiti tamamilə dəyişdi. Bütün iqtisadi əlaqələr bağlanıldı. Bir başqaları üçün isə çevrilişlərdən istifadə edildi. Belə ki, Afrikanın xalq tərəfindən seçilmiş ilk prezidenti, daha dəqiq desək, Toqonun rəhbəri Silvan Olimpio Fransa Xarici Legionunun keçmiş əsgərləri tərəfindən öldürüldü. Bunun üçün onlar Fransa səfirliyindən 612 ABŞ dolları məbləğində mükafat da aldılar.

Xatırladaq ki, sadalananlarla kifayətlənməyən fransızlar nəhayət, ən çətin bir addıma da əl atdılar. Beləki, 1959-cu ilin noyabrında Şarl de Qoll Fransanın nüvə texnologiyasına malik olduğunu, eləcə də ondan dünyanın istənilən yerində istifadə etməyə hazır olduğunu elan etdi. Təhdidin heç də sıradan bir söz olmadığını göstərmək üçün general əyani nümayiş keçirməyi də qərarlaşdırdı və 1960-cı ilin fevralında Fransa ilk nüvə partlayışını həyata keçirdi. Əlcəzairdə, bir çox qəbilələrin məskunlaşdığı ərazidə həmin partlayış həyata keçirildi. Bir növ sınaq yeri kimi həmin ərazilər istifadə dildi. Növbəti "sınaqlar" başqa bir koloniyada, daha dəqiq desək, Fransız Polineziyasında baş verdi. Bu arqument də “azad assosiasiya”nın çökdürülməsində həlledici oldu. Buraya qızıl ehtiyatlarına görə dünyada 3-cü, uran üzrə 6-cı, neft və qaza görə 10-cu yeri tutan Qərbi və Mərkəzi Afrika ölkələri daxil idi. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, Fransa təkcə afrikalılara verilən kreditlərin faizlərindən hər il 0,5 trilyon dollar “qazanırdı”. Qazanırdı deyəndə, əslində, fransızlar sadəcə olaraq, afrikalıları soyurdular. Ümumiyyətlə, sadalananlar təsdiq edir ki, Beşinci Respublika afrikalılara qarşı hər zaman bütün mümkün pisliklərə əl atıb, soyqırımlar edib və qalanlarını da “soyub”.

Beynəlxalq ictimaiyyət Fransanın yaratmaqda olduğu təhlükəni qətiyyən cavabsız qoymamalıdır

Görünən odur ki, yenə də Fransa özünün köhnə ənənələrinə sahib çıxmaq niyyətindədir və fransızlar yenidən Şarl de Qoll metoduna, daha dəqiq desək, nüvə şantajına əl atmaqdadırlar. Kamerun, Mərkəzi Afrika Respublikası, Mali, Burkina Faso, Nigeriya və bir sıra digər ölkələrin Parislə quldarlıq müqavilələrini ləğv etmələri görünür fransızları, ələlxüsus makron hakimiyyətini qətiyyən qane etmir. Axı, deyildiyi kimi, “sərvət” hesab etdiklərindən məhrum olmaq heç də qane edə bilməz. Çünki özləri də etiraf edilər ki, bu “məhrumiyyət” onlar üçün böyük “itgi” deməkdir.

Nümayişkəranə şəkildə göstərilir ki, guya Afrika Komandanlığının formalaşdırılması çərçivəsində Afrikadakı ordu kontingentinin 3,8 min nəfərdən 2,1 min nəfərə qədər azaldılması planlaşdırılır. Bununla belə, onların funksiyalarının özəl hərbi şirkətlərə verilməsi nəzərdə tutulur və bu da o deməkdir ki, onların sayı, əksinə, artırılacaq. Bundan əlavə, Afrika Komandanlığının fəaliyyət proqramına Parisin istənilən ölkəyə qarşı nüvə silahından istifadə etmək hüququna malik olduğunu bildirən bəndin də yer alacağı gözlənilir. Məsələ burasındadır ki, bu vəziyyət Fransanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərinə tamamilə ziddir. Parisin 1992-ci ildə qoşulduğu bu müqaviləyə görə, nüvə dövlətinin nüvə silahı olmayan dövlətlərə qarşı atom silahından istifadə etmək hüququ qətiyyən yoxdur. BMT Nizamnaməsindən irəli gələn tələblərə görə, bəşəriyyətin təhlükəsizliyinə cavabdehlik olmalıdır. Amma belə bir cavabdehliyi daşımalı olan bir ölkə, daha dəqiq desək, Fransa dünya ictimaiyyəti üçün yenə də təhlükə yaratmağa başlayır. Hər halda, bütün dünya, beynəlxalq ictimaiyyət bu təhlükəni, Fransanın yaratmaqda olduğu təhlükəni qətiyyən cavabsız qoymamalıdır.