Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

31 İyul 2024 06:32 (UTC+04:00)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 60 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.