Şuşa Forumunda Qərbi Azərbaycan reallığı TƏHLİL

30 İyul 2024 14:35 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "Mən əminəm ki, həmin gün mütləq gələcək"

Belə bir deyim var: Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bəli, bunu Azərbaycan xalqı, bütün dünya gördü ki, Müdrik Lider, Böyük strateq, Qalib Sərkərdə Qarabağın 30 il davam edən işğalına Ali Baş Komandanımızın nəyi, nə vaxt edəcəyi ilə "Dəmir Yumruq" siyasətinə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu. Və 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması da, məhz dövlət başçımızın nəyi, necə, nə vaxt etməsinin göstəricisidir. Və tarixi qələbimizdən keçən üç il yarımdan çox müddətdə artıq öz doğma dədə-baba torpaqlarından qaçqın düşən soydaşlarımız torpaq həsrətinə son qoyulub.

Əlbəttə ki, bütün bunlar Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının qüdrəti və apardığı uğurlu xarici siyasətinin nəticsidir və bu siyasət nəticəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaq deyil.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə iyulun 20-22-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində aktual məsələlərə toxunaraq, mühüm mesajlar verdi. Xüsusilə də, dövlət başçısı forumda Qərbi Azərbaycan və soydaşlarımızın öz doğma yurdlarına qayıdışı mövzusunda da danışaraq soydaşlarımızın qayıdışının aktual olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezident bildirdi ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və İkinci Dünya müharibəsindən dərhal sonra Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib və vəfat edib. Prezident vurğulayıb ki, prinsipcə hər şey, əlbəttə, 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı.

ERMƏNİSTAN RƏHBƏRLİYİNİN SİYASİ İRADƏSİNƏ, BƏYAN ETDİYİ DEMOKRATİYA VƏ QANUNUN ALİLİYİ PRİNSİPLƏRİNƏ SADİQLİYİNƏ ÜMİD BƏSLƏYİRİK

Forumda Cənab Prezidentə ünvanlanan "Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi" sualını cavablandırarkən Cənab Prezident tarixi dövrə nəzər salıb və "Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin gün mütləq gələcək", - deyə bildirib. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb olub. "1980-ci illərin sonlarında baş verən etnik təmizləmə başladı", - deyən Prezident bildirib ki, bütün bunlar barədə Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar: "Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Prinsipcə, elə hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı". Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə Azərbaycanın ümid bəslədiyini bildirən Cənab Prezident hələ ötən ilin sentyabrında antiterror əməliyyatı keçirilməmişdən əvvəl, Qarabağın erməni əhalisinin nümayəndələrini dəfələrlə görüşlərə, söhbətlərə dəvət etdiyimizi qeyd edib: "Mən parlamentin üzvləri arasından Prezidentin xüsusi nümayəndəsini təyin etdim, o, Qarabağın erməni əhalisi ilə təmasların qurulması və onların sonrakı yaşayışının və həyat fəaliyyətinin müəyyən edilməsi üçün xüsusi olaraq təlimatlandırıldı. O vaxt Qarabağ ermənilərinin nümayəndələri ilə hətta ilk görüş hələ nəzarətimiz altında olmayan ərazidə, Xocalıda, Rusiya sülhməramlı kontingentinin bazasında baş tutdu. Ancaq biz həm də o vaxt təklif etdik ki, növbəti görüş artıq nəzarətimiz altında olan ərazidə baş tutsun. Lakin ovaxtkı separatçı rejim bundan imtina etdi".

Prezident İlham Əliyev keçirilən Forumda bir daha tarixi reallıqlar, ikili standartlar, milli düşmənçilik, dezinformasiya və yalan, möhtəkirlik və qarayaxma, beynəlxalq hüququn normalarına itaətsizlik və bir sıra digər amil və səbəblər fonunda tədbir işttirakçılarına Qərbi azərbaycanlıların haqq işinə münasibət bildirdi. Rusiya nümayəndəsi Maksim Şevçenkonun "Azərbaycanlılar öz vətənlərini – Qərbi Azərbaycanı görəcəklərmi?" sualına Prezident İlham Əliyevin cavabından SİTAT: "Mən əminəm ki, həmin gün mütləq gələcək. Burada biz, əlbəttə ki, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik"

"BU DEDİKLƏRİM BİZİM MƏSƏLƏYƏ OLAN YANAŞMAMIZ HAQQINDADIR. TƏBİİ Kİ, BİZ ERMƏNİSTAN HÖKUMƏTİ TƏRƏFİNDƏN DƏ EYNİ YANAŞMANI GÖZLƏYİRİK"

Dövlət başçısı onu da vurğuladı ki, hələ ötən ilin sentyabrında antiterror əməliyyatı keçirilməmişdən əvvəl, biz Qarabağın erməni əhalisinin nümayəndələrini dəfələrlə görüşlərə, söhbətlərə dəvət etmişdik. Mən parlamentin üzvləri arasından Prezidentin xüsusi nümayəndəsini təyin etdim, o, Qarabağın erməni əhalisi ilə təmasların qurulması və onların sonrakı yaşayışının və həyat fəaliyyətinin müəyyən edilməsi üçün xüsusi olaraq təlimatlandırıldı. O vaxt Qarabağ ermənilərinin nümayəndələri ilə hətta ilk görüş hələ nəzarətimiz altında olmayan ərazidə, Xocalıda, Rusiya sülhməramlı kontingentinin bazasında baş tutdu. Ancaq biz həm də o vaxt təklif etdik ki, növbəti görüş artıq nəzarətimiz altında olan ərazidə baş tutsun. Lakin ovaxtkı separatçı rejim bundan imtina etdi. Bir neçə ay ərzində biz onları iki dəfə görüşə dəvət etdik və iki dəfə imtina edildi, bundan sonra isə prosesdə iştirak etməyə çalışan bir çox beynəlxalq oyunçular bizə sual ilə müraciət etdilər: bəs onların həyat fəaliyyəti necə təmin ediləcək? Ona görə də biz reinteqrasiya layihəsini sadəcə olaraq internetdə yerləşdirməyə məcbur olduq. Layihəyə giriş açıqdır. Düşünürəm ki, bu problemlə maraqlananların çoxu onun məzmunu ilə tanış olub. Orada hər şey aydın şəkildə qeyd edilib. Onların orada, Azərbaycan ərazisində hansı şərtlər daxilində - vətəndaşlığı qəbul edəcəkləri təqdirdə qala biləcəkləri qeyd olunmuşdu və bunun necə etməyin qaydası, iş və yaşayış icazəsinin alınması şərtləri göstərilmişdir. Yəni, başqa ölkənin vətəndaşının digər ölkədə daimi yaşaya bilməsinin hər hansı başqa forması, sadəcə olaraq, mövcud deyil. Bundan da imtina edildi. Yəni, o vaxt bizim nəzarətimizdə olmayan Qarabağda yaşayan erməni millətindən olan vətəndaşların təhlükəsiz həyatını təmin etmək baxımından biz mümkün qədər konstruktiv idik. Sentyabrın 20-də biz nəzarəti bərpa edərək separatizmə son qoyanda yenə erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yenə də nəticə əldə olunmadı. Bu dediklərim bizim məsələyə olan yanaşmamız haqqındadır. Təbii ki, biz Ermənistan hökuməti tərəfindən də eyni yanaşmanı gözləyirik. Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb. Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək. Mən bu barədə dəfələrlə danışanda, təbii ki, erməni diasporunun nəzarətində olan beynəlxalq müstəvilərdə məni az qala işğalçı fikirlərə düşməkdə ittiham etməyə başladılar. Mən dedim ki, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm. Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir. Axı, indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər. Düşünürəm ki, burada təkcə Azərbaycanın istəyi, yaxud Azərbaycanın fəaliyyəti kifayət etməyəcək. Zənnimcə, bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatları qoşulsaydı, çox yaxşı olardı. Çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur.

YENƏ DƏ İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ İLƏ QƏRBİ AZƏRBAYCANDAN OLAN SOYDAŞLARIMIZ TEZLİKLƏ ÖZ YURDLARINA QAYIDACAQLAR

Bəli, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Özü də biz oraya sülhlə qayıdacağıq. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı bildirmişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".

Göründüyü kimi, haqqdan qaçmaq olmaz və Qərbi Azərbaycan torpaqların hər qarışı bizə məxsusdur. Və gün gələcək, sözü imzası qədər qüvvətli və keçərli olan Prezident İlham Əliyev cənablarının "Dəmir Yumruq" siyasəti ilə biz Qərbi Azərbaycana qayıdacağıq. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının dediyi kimi: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik".

RƏFİQƏ KAMALQIZI