Bir nəfər hamı üçün təmiz, ləyaqətli şəxs ola bilməz. Kimlər tərəfindənsə matahı göylərə qaldırılan şəxs başqaları üçün dəyərsiz, bivecin biri hesab oluna bilər. Söhbət qruplara və ya təşkilatlara, müəssisələrə münasibətdən gedəndə, burada tərəddüdlər etmək lazım gəlir. Çünki dövlət qurumu pis fəaliyyətdə ola bilməz. Dövlət strukturu əhalinin maraqlarına tam cavab verməlidir. Müəssisə rəhbəri və onun işçiləri ədalətli olmalı, qarşılarına qoyulan vəzifəni, üzərlərinə düşən işi ən yüksək formada yerinə yetirməlidirlər. Təəssüflər olsun ki, bu tələblərə və qaydalara bəzi dövlət qurumları riayət etmirlər. Xüsusilə də, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İstehsalat Birliyi sanki cəmiyyətdən küsüblər. İctimaiyyətlə təmasdan qaçır, problemlərə laqeyd yanaşır, tövsiyə və məsləhətləri qulaqardına vururlar. Hər iki dövlət qurumu, necə deyərlər, bir bəla olub keçiblər bu millətin boğazına. Necə gəldi işləyir, kimə gəldi atırlar, əhalinin mənafeyni nəzərə almaq haqqında belə düşünmürlər. Ümumiyyətlə, əvvəldən, yəni keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dönəmindən yol-nəqliyyat sistemindən heç xoşum gəlmirdi. Nədən? Ona görə ki, Ziya Məmmədovun çoxlu qoçu dəstəsi vardı, onlar yolda-irzdə gedib gələnlərə ilişib, kobudluq edirdilər. Elə hallar olurdu ki, taksi sürücülərini təpiklərinin altına sərib çiləyirdilər. Heç polislər də yaxın dura bilmirdilər. Yazıq, biçarə taksi sürücülərinin haray-həşirləri, mələrtiləri ürəkləri göynədib, qəlbləri ağrıtsa da, heç kim cəsarət edib gözləri dönmüş bıqlara yaxın durmurdular. Nədən ki, can şirin şeydir, olmadı belə, oldu elə: Bıqlar təpiklərinin altında inildəyən taksi sürücüsündən əl çəkib, "yaxşı oğlan" olmaq istəyən şəxsi Ağadadaş Ağayevin gününə sala bilərdilər. Belə bir hal olmuşdu. Tanınmış bir aktyor beynəlxalq avtovağzal ətrafında taksi sürücüsünün qəlbləri göynədən harayına dözməyib, hadisə yerinə yaxınlaşmış və bu zaman peşman edilmişdir. Deyilənə görə, tanınmış aktyor bir-iki təpik, bir iki də şillə yemişdi. Düzdür, düzüb-qoşub məsələni ört-basdır etdilər. Aktyor da səhərisi gün ona göstərilən münasibətdən razılığını ifadə etdi, dişləri də ağarır, üzü də gülürdü. Yəqin ki, işi düzəlmişdi. Nə isə... İndi yol-nəqliyyat adı gələndə narahat oluram. Əsasım da var. Ziya Məmmədovun qoçu dəstəsini başqa ad altında digər bir nazirlik yerinə yetirməyə çalışır. 40 minə yaxın taksi sürücüsünü işsiz qoyub, nümayişkaranə şəkildə bildirirlər ki, taksi sürücüləri gedib, ictimai nəqliyyatda çalışsınlar. Başa düşmürlər ki, birincisi, avtobus idarə etmək üçün kateqoriya lazımdır. İkincisi isə, "BakuBus"da sürücü olaraq çalışmaq üçün bacarıq və təcrübə başlıca şərtlərdəndir. Heç biri yoxdursa, taksi sürücüsü necə və hansı formada "BakuBus"un sürücüsü olsun? Ya bunlar kasıb təbəqənin insanları ilə məzələnirlər, ya da barmaqlarına dolayırlar. "Azəriqaz" da eyni ilə "Azəravtoyol"un yerişini yeriyir. Daha doğrusu, bu qurum xüsusi "istedadına" və "bacarığına" görə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətini kölgəsində qoyub. Elə ad çıxardıb, elə bir mərəkə qoparıb ki, çətin uzun illər yaddaşlardan silinsin. "Azəriqaz" İstehsalat Birliyinin ilişmədiyi, sataşmadığı abonent qalmayıb. Birincisi, əhaliyə verilən mavi yanacağın təzyiqi aşağıdır, keyfiyyətsizdir. İkincisi, deyilənə görə, borulara hava vurub, əhaliyə satırlar. Elə kənd və qəsəbələr var ki, orada boru kəmərləri olsa da, mavi qaz yoxdur. Bəzən "Azəriqaz"ın rəhbər heyəti and içirlər ki, ölkənin 90 faizi qazlaşdırılıb. Araşdıranda deyilənlərin əsassız olduğu üzə çıxır. Bu səbəbdəndir ki, meşə örtüyü tədricən sıradan çıxır. Əhali qazla təchiz olunmadığından bar verən meyvə ağaclarını kəsib, qışda evlərini isitmək üçün istifadə edirlər. Ümumiyyətlə, onların bütün işləri baş-ayaqdır. Özləri təsdiq edirlər ki, lazım olanda sayğacları irəli, lazım olan da isə geri işləyir. Əndərəbadi şoudan əziyyəti çəkən isə əhali olur. Bir də görürsən ki, smart tipli sayğac sahiblərinə böyük məbləğdə borc gəlir. Deyirsən: "qardaş və ya əmi, sayğacda balansı kart vasitəsi artırıram, necə ola bilər ki, mən borclu qalım?" . "Azəriqaz" əməkdaşı təkəbbürlə, baş barmağını qaldırıb, "şikayətiniz varsa, yuxarı müraciət edin" . Təbii ki, işin yuxarı düşdü, vay sənin halına, uzun müddət get-gəldən sonra səni borclu çıxarıb, boynuna yıxdıqları borcu ödətdirəcəklər. İndi də qarşıdan qış fəsli gəlir. "Azəriqaz"ın min bir oyunu o zaman başlayacaq. Əhali də buna hazır olsun. Məndən demək və xəbərdar etməkdir.
İLHAM ƏLİYEV