Azərbaycanda övladlığa uşaq götürmək prosesi necə həyata keçirilir? - MÜNASİBƏT BİLDİRİLDİ

30 İyul 2024 09:35 (UTC+04:00)

"Azərbaycan Respublikasında övladlığagötürmə məsələləri Ailə Məcəlləsi ilə tənzimlənir. Prezident İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına uyğun olaraq 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə ilə bağlı idarəetmə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, övladlığagötürmə prosesi üç mərhələdən ibarətdir-övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və övladlığagötürmə barədə məhkəmə qərarının qəbul edilməsi: "Övladlığagötürmə üçün müraciət bu ardıcıllıqla həyata keçirilir: Övladlığa uşaq götürmək istəyən valideyn-namizəd onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edərək övladlığagötürmə ilə bağlı ərizə təqdim edir. Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.

Valideyn-namizəd şəxsi kabineti yaradaraq qeydiyyatdan keçdikdən sonra əyani tibbi müayinənin nəticəsində arayışların alınması üçün qeydiyyatda olduğu xəstəxanadan (poliklinikasından) vərəm xəstəliyinin daşıyıcısı olub-olmadığı barədə tibbi arayışla müvafiq tibb müəssisələrinə yaxınlaşmalıdır:

Valideyn-namizəd şəxsi kabinetinə müvafiq sənədləri daxil edir, müraciət formasını doldurur və təsdiq edir. Təsdiq edilmiş müraciət aidiyyəti üzrə baxılması üçün Sosial Xidmətlər Agentliyinə yönləndirilir. Sosial Xidmətlər Agentliyi tərəfindən valideyn-namizəd uçota alınır. Valideyn-namizədin müraciətində qanunvericiliyə zidd olan hallar aşkar olunduqda imtina edilir və valideyn-namizəd digər mərhələlərə buraxılmır. Əks halda isə övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunu müəyyən etmək üçün övladlığa götürmək istəyən şəxs (şəxslər) uçota alınır, övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılır, övladlığa götürmək istəyən şəxs (şəxslər) təlimlərə cəlb edilir, övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşaq, övladlığa götürülən uşağa uyğun valideyn seçilir, övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşü təşkil edilir, övladlığa götürülən uşaq sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilir

Övladlığagötürmə prosesində valideyn-namizədlərin uçotu üçün valideyn-namizədin özü və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərin ərizəsi (notariat orqanı tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş), valideyn-namizədlər barədə fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan), vətəndaşlığı), özü və onunla birgə yaşayan şəxslər haqqında övladlığa imkan verməyən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sağlamlıq haqqında arayışı, ailə vəziyyəti barədə məlumat (nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi), iş yeri (o cümlədən vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat (o cümlədən, son 12 aylıq dövr üçün bank hesabından çıxarış), mülkiyyətində olan daşınmaz əmlaklar, o cümlədən nəqliyyat vasitələri barədə məlumat; məhkumluq haqqında məlumat (məhkum olunma tarixi, cəzanın növü, müddəti, azad edilmə tarixi, azad edilmə üçün əsas), aliment, kredit və digər öhdəlikləri barədə məlumat, öz qohumunu (bacısı, qardaşı, nəvəsi, qardaşının və ya bacısının övladı, valideynlərinin bacısı və ya qardaşının övladları) övladlığa götürdükdə - qohumluq əlaqələrinin təsdiqi barədə məlumat (doğum haqqında şəhadətnamənin surəti), əcnəbilərə və vətəndaşlığı olmayanlara münasibətdə həmçinin – miqrasiya sənədi üzrə məlumatlar (nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, verilmə əsası) tələb olunur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, övladlığa uşaq götürmək üçün minimum yaş həddi ögey ata (ögey ana), habelə qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla nikahda olan şəxslər üçün 25 yaş, nikahda olmayanlar üçün isə 30 yaş hesab olunur. Üzrlü hesab edilən hallarda bu yaş həddi məhkəmə tərəfindən artırılıb azaldıla bilər. Valideyn-namizədlə övladlığa götürmək istədiyi uşaq arasındakı yaş fərqi isə 18-dən az olmamalıdır".

Onun sözlərinə görə, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər, şəhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər, məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər (cinayət təqibi müddətində), nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər övladlığa uşaq götürə bilməzlər: "Bundan başqa dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi, bütün növ infeksion (yoluxucu) xəstəliklər, lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr, dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları, narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizmdən əziyyət çəkən şəxslər də övladlığa uşaq götürə bilməzlər.

Ailədə adambaşına düşən orta aylıq gəlirin miqdarı ailə üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmamalıdır. Övladlığa uşaq götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin isə adambaşına düşən orta aylıq gəliri yaşadığı ölkənin orta aylıq əmək haqqının 2 mislindən az olmamalıdır".