Qızlarımız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar

29 İyul 2024 21:46 (UTC+04:00)

Niderlandın Veldhoven şəhərində IV Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Təhsil İnstitutundan bildirilib ki, 56 ölkədən 194 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal əldə ediblər.