Vazelin

29 İyul 2024 23:44 (UTC+04:00)

Kəşf edildiyi ilk gündən həm insana töhfə verən, həm də törətdiyi müharibələrlə dağıdıcı təsirlərini hiss etdirən neft təkcə nəqliyyatda deyil, kimyadan səhiyyəyə qədər bir çox sahədə istifadə olunur. Bunlardan ən maraqlılarından biri uzun illərdir dəri sağlamlığı üçün istifadə edilən məhsullardan olan vazelindir.

SİA-nın əldə etdiyi məlumata görə, 1859-cu ildə ticarətlə məşğul olarkən iflas ərəfəsində olan amerikalı kimyaçı Robert A.Çesebro o illərdə ABŞ-da varlanmaq arzusunda olan hər kəs kimi öz bəxtini neft hasilatında sınamaq istəyir. Bu səbəbdən o, yeni neft quyularının açıldığı Pensilvaniyaya getdi və heç gözləmədiyi bir vəziyyətlə qarşılaşdı. Çox zəhmət tələb edən neft hasilatı zamanı işçilər nasosların tez-tez tıxanması nəticəsində bədbəxt hadisələrlə üzləşir, bədənlərinin müxtəlif nahiyələrindən, xüsusən də əl və ayaqlarından xəsarət alırdılar. İşçilərin ətrafa səpələnmiş və ayaqqabılarının yerə yapışmasına səbəb olan bu yağ qalıqlarından yaralarını sağaltmaq üçün istifadə etdiklərini görən amerikalı kimyaçı yeni məhsul hazırlamaq fikrinə düşdü.

Vaxt itirmədən evə qayıdan Robert A.Çesebro gətirdiyi xam neftdən ayırdığı maddənin üzərində aylarla işlədikdən sonra gördü ki, bu krem kəsilmiş yaraları çox tez sağaldır. Amerikalı kimyaçı 1870-ci ildə patentləşdirdiyi yeni məlhəmə maraqlı ad qoyur. Laboratoriyasında istifadə etdiyi həyat yoldaşına məxsus vaza (vase) və o dövrdə dərmanların sonuna əlavə edilən “lin” (line) şəkilçisini birləşdirərək “vazelin” sözünü düzəldir. Çesebronun yeni məhsulunu bazara çıxarmaq üsulu vazelin nümunələrini at arabasına yükləyib ətraf şəhər və qəsəbələrə pulsuz paylamaqdan ibarət idi. Dərmanın adı insanlara cəlbedici gəldi və çox qısa müddətdə tanındı. Kimyaçı 6 ay içində 12 fərqli satış qrupları ilə vazelini ölkə içində satmağa başladı.

Vazelin təkcə yaraları sağaldan məlhəm deyil, həm də dəriyə qulluqda faydalı idi. Amerikalı qadınlar, xüsusən də şəhərlərdə yaşayanlar tezliklə anladılar ki, vazelin dərini yumşaltmaqla onların gözəl görünməsinə səbəb olur. Bu vəziyyət ölkədə vazelin satışını sürətlə artırdı. Mineral tərkibinə görə heç bir allergiya xüsusiyyəti daşımayan, makiyajın təmizlənməsindən dərinin parlaq görünməsinə qədər bir çox fərqli sahədə istifadə edilən vazelin gün keçdikcə istifadə sahələrini genişləndirib. Bu gün bu yara sağaldan məlhəm taxta mebellərin qorunmasından açıq havada qalan maşınların paslanmasının qarşısının alınmasına, çətin açılan, buz bağlayan avtomobil qapılarının yağlanmasından dəri üzlüklərin təmizlədilib parlamasına qədər istifadə olunur.

Vazelini həyatımıza daxil edən amerikalı kimyaçı Robert A.Çesebro ömrünün sonunadək – 96 yaşına qədər özü də vazelindən çox istifadə edib və bədəninin ağrıyan yerlərinə çəkib.