Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin kimya mühəndisliyi ixtisasının builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-ın Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya qəbul olub. Nüfuzlu ali təhsil ocağında kimya mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək BMU məzununun qazandığı təqaüdün məbləği isə 420 000 ABŞ dolları məbləğindədir. BMU-dan SİA-ya verilən məlumata görə, BMU-da təhsil aldığı illərdə (2020-2024) ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan, dərsə intizamı, sosial-ictimai fəallığı ilə seçilən Turqut Əfəndi, eyni zamanda, elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq iki elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib. O, həmçinin “Breyn-rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.