Mərkəzi Gömrük Hospitalında pasiyent uğurla əməliyyat olunub

26 İyul 2024 14:16 (UTC+04:00)

Sol aşağı ətrafında hərəkət məhdudluğu və ağrılarla bağlı müraciət etmiş 33 yaşlı qadın üzərində ən müasir standartlara cavab verən implantlarla sol bud-çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatı uğurla icra olunub. Pasiyent uzun müddət – 10 il ərzində sol ayağında ağrılardan əziyyət çəkmişdir, son 1 il ərzində isə ağrılar daha da intensivləşmişdir və nəticədə iş qabiliyyəti azalmışdır. Söhbət zamanı məlum olub ki, pasiyent uşaq olarkən bud-çanaq oynağının displastik patologiyasına, yəni displaziyasına görə müxtəlif illərdə 5 dəfə əməliyyat olunmuşdur.
Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq-ortoped Dr.Ramin Rzayev pasiyentin vəziyyəti və əməliyyatı haqqında bildirib: “Kəskin ağrılar və hərəkət məhdudluğu ilə müraciət etmiş pasiyentin klinik, rentgen və KT müayinəsinin nəticələri göstərdi ki, xəstənin sol aşağı ətrafında 5 sm qısalıq, sol bud-çanaq oynağının ikincili koksartrozu, yəni displaziya nəticəsində yaranmış lll-lV dərəcəli deformasiyaedici osteoartrozu müəyyən edilib. Sol bud-çanaq oynağında əzələlər sağ tərəflə müqayisədə çox zəifləmişdir - əzələ kütləsi azalaraq, hissəvi fibroz toxuma ilə əvəzlənmişdir. Bütün müayinələr bitdikdən sonra xəstəni əməliyyata hazırladıq və onun üzərində keçirilmiş əməliyyatlardan sonra yaranmış çapıq toxumaların çoxluğu, bud-çanaq oynağının anatomiyasının pozulması və buna bağlı texniki çətinliklərə baxmayaraq ən müasir standartlara cavab verən implantlarla sol bud-çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatını uğurla icra etdik. Hazırda xəstənin vəziyyəti stabildir. Əməliyyatdan 1 gün sonra pasiyent palatada çarpayıda otuzdurularaq aktivləşdiriləcək, növbəti gün qoltuqaltı çəliklərdən istifadə etməklə hərəkət edəcəkdir. Stasionarda 4 gün müalicəsini davam etdirdikdən sonra – 5-ci gün evə ambulator müalicəyə göndəriləcək. 6-8 həftənin tamamında isə çəlliksiz tam sərbəst yeriyəcəkdirƏ.
Yenidoğulmuşların bud-çanaq oynaqlarının, o cümlədən dayaq-hərəkət sisteminin doğuşdan dərhal sonra ortoped tərəfindən müayinələri aparılmalıdır. Bud-çanaq oynaqlalarının erkən təyin edilmiş displaziyası irəli yaşlarda ağır əməliyyatların aparılmaması üçün əməliyyatsız konservativ müalicə metodları ilə uğurla müalicə olunur.