İnsanlar niyə danışmaq yerinə şiddətə əl atırlar? - PSİXOLOQ İZAH ETDİ

25 İyul 2024 16:25 (UTC+04:00)

"Bu gün bir çox insan informasiya bolluğundan əziyyət çəkir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, insanlar psixikasını dincəltmək əvəzinə zamanlarını virtual, vizual olaraq fərqli asılılıqlarla zənginləşdirirlər: "Asılılığı olan insan (bu maddi, əşya asılılığı, bir çox əyləncələr ola bilər) bu maraqlarından qurtula bilmirlər, daim onun həyəcanı ilə yaşayırlar. İnsanların informasiya bolluğu bu həyat, sosial şəbəkələrdə yayımlanan rəngli informasiyalarla qidalanır. Belə olduğu təqdirdə onlar beyinlərini yükləyirlər. Yayımlanan videolar, çox aydın şəkildə yayımlanan cinayət hadisələri, dünyada baş vermiş şiddət törədilən videogörüntülər insanların gözündə artıq adiləşir. Bu qədər məhdudiyyətlərin qoyulmaması insanda sanki elə bir azadlığa səbəb olur ki, insan hər hansı konfliktli situasiyanı fərqli şəkildə üstələmək istəyir. Bu, hər kəsə şamil olunmur. Sinir sistemində problemi olan insan konfliktli situasiyanı sağlam polemika ilə sonlandırmaq yerinə daxilində hökm sürən, təxəyyülündə mütəmadi yaratdığı fantastik davranışları ilə bunu sonlandırır. Ya kiməsə şiddət tətbiq edir, ya da kiməsə ziyan vermək istəyir, ya kimdənsə intiqam almaq istəyir. Bu, insanın daxili- kimyəvi tərkibidir əslində. Genetik olaraq psixi pozuntu da ola bilər. Hər hansı şərait yaranan kimi insan bu davranışı sərgiləyir. Bu, insanın mühitdən aldığı travması ola bilər. Özünü təsdiq üçün konfliktli situasiyada fiziki şiddətə üz tutur".

"Həyatı anlayan, həyat fəlsəfəsini dərk edən insan zaman keçdikcə qarşılıqlı münasibətlərə sağlam daxil olur, öz həyat fəlsəfəsini anlayır və qarşılıqlı münasibətlərdə fərqli reaksiyalara yol vermir. Təəssüflər olsun ki, insanların mütaliə etməməsi, sağlam təfəkkürə görə çox sağlam informasiya qəbul etməməsi onlarda bir çox həyati situasiyalara adekvat reaksiya verməkdə çətinlik törədir. İnsan rasional düşünəndə rasional addımlar atır. İnsan irrasional düşünəndə qeyri-adekvat hərəkətlər edir. Bu hər kəsə şamil olunmur. Sinir sistemində problemi olan insanlar birmənalı ünsiyyətdə, müəyyən davranışlarda konfliktlər yaşayır. Onlar çünki öz fikirlərini ifadə edə bilmədiklərinə, qarşı tərəflə empatiya qura bilmədiklərinə görə çarəni fiziki şiddətdə görürlər. Ya bıçaqlamaqda, ya öldürməkdə, ya zərbə vurmaqda görürlər. Bunun da kökündə insanın öz fikrini ifadə edə bilməməsi, zehnində qurduğu "yalnız mən haqlıyam" deyə "Allahlıq iddiası" durur. İnsan sanki bu hərəkəti ilə cəzalandırmaq istəyir. Mütəmadi özü hansısa bir davranışlarına görə cəzalanmışsa, qarşı tərəfə də cəza tətbiq etmək istəyir. Bu bir çox insanların həyat taktikasıdır. Neqativ davranışlara yol verərək cəmiyyətə çox pis örnək olurlar" - deyə o, əlavə edib.