“ATƏT və onun nəzdində olan təsisatlar obyektivlikdən tamamilə kənarlaşıblar” - ŞƏRH EDİLDİ

24 İyul 2024 18:16 (UTC+04:00)

“ATƏT-in nümayəndələrinin seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur. Çünki seçkiləri ancaq o təsisatların müşahidə etməsinə ehtiyac yaranır ki, onlar özləri tam qərəzsiz, obyektiv siyasət yürütsünlər və müşahidə etdikləri proses haqqında da real hesabat verə bilsinlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

O bildirib ki, təəssüflər olsun ki, ATƏT və onun nəzdində olan müəyyən təsisatlar obyektivlikdən tamamilə kənarlaşıblar: “Cənab Prezident İlham Əliyevin Şuşada keçirilən qlobal media forumunda ifadə etdiyi fikirlərdə də ATƏT-in tərkibində olan müəyyən təsisatlar da daxil olmaqla onların fəaliyyətinə artıq heç bir ehtiyacın olmadığını bildirmişdi. Həqiqətən də, onların sülh prosesində heç bir töhfələri olmadığı kimi, seçki prosesində də heç bir təsirləri olmayacaq. Buna görə də seçki prosesində də onların müşahidəçi olmasına gərək yoxdur. Azərbaycan seçki prosesində hər zaman demokratiyaya, obyektivliyə sadiq qaldığını sübut edib, qarşıdan gələn seçkilərdə də bu prinsiplər prioritet olacaq”.