Co Bayden prezidentliyə namizədliyini geri çəkdiyini elan etdikdən sonra ABŞ-ın siyasi gündəmi çalxalanmaqdadır. Demokratlar vitse-prezident Kamala Harris barədə ümidli olsalar da onun işi çətin görünür. Belə ki, Harrisin noyabrda Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı məğlub etməsi qəliz görünür. Keçirilən son sorğu nəticələrinə görə, Harris keçmiş prezident Trampdan az fərqlə geri qalır. Onu da qeyd edək ki, Bayden namizədlikdən çəkilmədən əvvəl də sorğunun nəticələri təxminən bu vəziyyətdə idi. Görünən odur ki, ABŞ-dakı seçimlərdə önəmli olan liderlər yox, partiyadır. Ancaq seçkiyə doğru irəlilədikcə sorğulardakı rəqəmlərin dəyişməsi ehtimalı var.
Demokratlar partiyasının içərisindəki vəziyyətə baxdıqda isə görə bilərik ki, Harrisin prezidentliyə namizədliyi əsas potensial rəqibləri tərəfindən belə dəstəklənir. Beləliklə, demokratların birlik olaraq mübarizə aparması onların qazanmaq şansını artırıb. Bu səbəbdən də noyabrda olacaq seçimlərin başa-baş olacağı gözlənilir. Bu nüans, Amerika siyasətindəki qütbləşməni və bir çoxlarının Trampın namizədliyindən narazılığını əks etdirir. Belə olan məqamda Harrisin əsas avantajı Trampa qarşı olan narazılıqlardan öz xeyrinə istifadə etməkdir. Vitse-prezident seçim kampaniyasına başladıqdan sonra 80 milyon dollardan çox yeni ianə toplayıb. Bu, indiyədək prezident namizədinin seçim kampaniyası üçün bir gündə topladığı ən böyük məbləğdir.
Trampın seçki kampaniyası aylardır Baydenin yaşlı və passiv olması üzərindən yürüdülürdü. Bu propaqanda Baydenin televiziya debatındakı çıxışı ilə güclənmişdi. Demorakların həmləsi isə bu propoqandanı əksinə çevirdi. Belə ki, 59 yaşlı Harris daha enerjili bir kampaniya aparacaq və partiyası üçün daha aktiv siyasət yürüdə biləcək. Beləliklə Harris, seçiləcəyi təqdirdə vəzifəyə gələcək ən yaşlı prezident olacaq 78 yaşlı Trampın yaşlılığını ona qarşı istifadə edə bilər.
Digər tərəfdən seçki sorğularına görə Harris Baydenin səslərini itirdiyi qaradərili seçicilərin də dəstəyini qazana bilər. Əgər Harris bu səsləri digər etnik azlıqların və gənc seçicilərin dəstəyi ilə birləşdirə bilsə, 2008 və 2012-ci illərdəki Obamanın taktikası ilə qələbə qazana bilər. Eyni zamanda, Kamala Harrisin prokurorluq keçmişi də onun prezident kimi görüntüsünə müsbət təsir edə bilər. Kamala Harris 2019-cu ildə Demokrat Partiyasının namizədi olarkən, CV-ində hüquq-mühafizə orqanlarının adı keçməsi ona dezavantaj yaratmışdı. Belə ki, o “Kamala polisdir” şüarları ilə solçuların təzyiqlərinə məruz qalmışdı. Amma indi bu nüans Trampa qarşı kampaniyada ona faydalı ola bilər. Vitse-prezident eyni zamanda abortla bağlı administrasiyanın sözçüsü olub. Abort son seçkilərdə Demokrat Partiyasının seçicilərini motivasiya edən ən güclü məsələlərdən biri idi. Bayden isə bəzən abort hüququnu müdafiə etməkdən çəkinirdi.
Harrisin bütün güclü tərəflərinə baxmayaraq bir sıra zəif cəhətləri də var. İlk növbədə, o, alternativ adından uzaqlaşa bilmir. Belə ki, demokratların Baydeni kənarlaşdırmasından sonra ortaya çıxan Kamalla Harris uzun bir müddət alternativ statusundan qurtula bilməyəcək.
Onu da qeyd edək ki, Bayden administrasiyasının ilk günlərində Harrisə ABŞ-Meksika sərhədində miqrasiya böhranının səbəblərini həll etmək tapşırılmışdı. Bu zaman bir sıra səhv addımlar və müsahibələrdəki ritorikası Harrisi mühafizəkarların tənqidinə açıq qoymuşdu. Bu səbəbdən Respublikaçılar Harrisi “sərhəd çarı” adlandırmışdılar.
Trampın da eyni zamanda Harrisə qarşı onun prokurorluq keçmişindən istifadə etməyə çalışacağını təxmin edə bilərik. Belə ki, onun, Harrisin şərti azadetmə qərarlarındakı nüansları önə çıxaracağı gözlənilir.
Harris üçün başqa zəif nöqtə isə 2016-cı ildə Senat üçün namizədliyini irəli sürərkən, demokratların ən böyük qalalarından biri hesab olunan Kaliforniyada respublikaçılara müqavimət təşkil edə bilməməsi idi. Eyni zamanda, onun 2020-ci ildə prezidentliyə namizədlik prosesi də böyük uğursuzluqla başa çatıb. O namizədlik yarışının ilk günlərinə yaxşı başlasa da, ləngiyən müsahibələr, aydın şəkildə müəyyən edilmiş siyasi baxışın olmaması və zəif idarə olunan seçki kampaniyası səbəbindən yarışdan geri çəkilmək məcburiyyətində qalmışdı.