“Moreni və onun kimilərin mövqeyi Azərbaycanın ədalətli mövqeyi qarşısında zəifdir“ - ŞƏRH OLUNDU

24 İyul 2024 14:51 (UTC+04:00)

“Ermənilərin öz çirkin məqsədlərini həyata keçirmək üçün bütün dövrlərdə keçmişi ləkəli olan şəxslərdən istifadə etməsi məlumdur. Luis Moreni də keçmişi ləkəli şəxslərdən biridir. Bu gün aktiv şəkildə erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən və ermənilərdən maliyyə aldığını gizlətməyən şəxsin COP29 ərəfəsində “qarayaxma” kampaniyasına başlaması da təəccüblü deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, xaricdə olan erməni lobbisi bütün imkanlarından istifadə edərək, COP29-la bağlı əks-təbliğat kampaniyasına start verib: “Biz zaman-zaman eyni mövqeni Fransada olan erməni lobbisinin təsiri altında çıxış edən senatorlardan, eyni zamanda Avropa İttifaqının özündə bu və ya digər vəzifə daşıyıb, yenə də erməni lobbisinin təsiri altında olan şəxslərdən də eşitmişik. Amma sözügedən şəxslərin hansı kampaniyanı aparmasından asılı olmayaraq Azərbaycanda keçirilən COP29-la bağlı mənfi ictimai rəyi formalaşdırmasından asılı olmayaraq COP29 ən yüksək səviyyədə keçiriləcək. Çünki Moreni və onun kimilərin mövqeyi Azərbaycanın ədalətli mövqeyi qarşısında olduqca zəifdir. Onların bu cür əks-təbliğat kampaniyası aparması nəticə etibarilə onları hər hansı bir müsbət nəticə gətirməyəcək.

Biz artıq COP29-la bağlı iştirak etmək niyyətində olanların, razılıq verənlərin, müvafiq olaraq iştirakını təsdiqləyən ölkələrin siyahısına baxdıqda da görürük ki, Azərbaycanda keçiriləcək COP29-a diqqət olduqca böyükdür. Bu baxımdan nə Luis Moreni, nə də onun kimilərin hər hansı bir formada öz istəklərinə nail olması mümkün deyil”.