AB-dən Ukraynaya 4,2 milyard yardım qərarı

24 İyul 2024 14:43 (UTC+04:00)

Avropa İttifaqının səfirləri Ukraynanın yenidən qurulmasına və dövlət idarəçiliyinin fəaliyyətinin saxlanmasına dəstək fondu çərçivəsində təxminən 4,2 milyard avro dəyərində ilk ödənişin göndərilməsini təsdiqləyiblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Macarıstanın Aİ-yə Dövrlü Sədrliyinin X ilə bağlı yazısına görə, Brüsseldə üzv ölkələrin Aİ-də (COREPER) təmsil olunan səfirlərinin görüşü keçirilib.

Səfirlər bu ölkənin yenidən qurulmasına və dövlət idarəçiliyinin saxlanmasına dəstək olmaq üçün "Ukrayna Aləti" çərçivəsində yaradılan fond çərçivəsində təxminən 4,2 milyard avroluq ilk ödənişi toplamaq barədə razılığa gəliblər.

Növbəti addım olaraq, Aİ Şurasında davam edəcək yazılı prosedur vasitəsilə vəsaitin toplanması mümkün olacaq.

Aİ Ukraynanın makro-maliyyə sabitliyini, dövlət idarəçiliyinin fəaliyyətini və yenidən qurulmasını dəstəkləmək üçün “Ukrayna aləti” adlı fond çərçivəsində 2024-2027-ci illər üçün 50 milyard avro qrant və kredit ayırmağı hədəfləyir.